Şotlandiyada Novruz bayramı qeyd olunub







London, 18 mart, AZƏRTAC
Şotlandiyada Azərbaycan mədəniyyətinin təbliği ilə məşğul olan “Buta Azerbaijan Scotland Association” tərəfindən Novruz bayramına həsr olunmuş möhtəşəm tədbir təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbir üçün xüsusi olaraq bəzədilmiş zalı Azərbaycan ruhunu əks etdirən bir məkana çevrilib. Gecədə Azərbaycan musiqisi, rəqsləri və poeziyası təqdim olunub. Şotlandiyada yaşayan soydaşımız Rena Şahməliyeva Berq güclü səsi ilə gecəyə unudulmaz anlar bəxş edib.
“Buta Azerbaijan Scotland Association”un sədri Nərgiz Morrison Novruzun mədəni ənənələrin qorunması baxımından önəmindən danışıb: “Novruz təkcə baharın gəlişini qeyd etmək deyil, həm də mədəni ənənələrimizi qoruyub gələcək nəsillərə ötürməkdir. Harada yaşamağımızdan asılı olmayaraq, bu dəyərləri yaşatmaq və gələcək nəsillərə ötürmək bizim vəzifəmizdir. Bu, həm vətənimizlə əlaqəmizi möhkəmləndirir, həm də kimliyimizin unudulmamasına xidmət edir”,- deyə o qeyd edib.
Şənlik zamanı müxtəlif əyləncəli oyunlar keçirilib, iştirakçılar gecənin enerjili və şən atmosferindən zövq alıblar. Bol çeşidli təamlar da qonaqların böyük marağına səbəb olub. Tədbirdə yalnız azərbaycanlılar deyil, dünyanın müxtəlif ölkələrindən olan qonaqlar da iştirak edib. Britaniya Parlamentinin sabiq üzvü David Duquid də tədbirdə iştirak edənlər arasında olub. Onlar Azərbaycan mədəniyyəti ilə yaxından tanış olub və birlikdə Novruzu qeyd ediblər.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London