SİYASƏT
Strateji Plana uyğun olaraq bu il 214 tədbir planlaşdırılıb
Bakı, 12 aprel, AZƏRTAC
Hesablama Palatası dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının büdcələrinin layihələrinə və icrasına rəy verərək, büdcə prosesində iştirak edir.
2022-ci ildə də üzərimizə qoyulan bu vəzifənin öhdəsindən uğurla gəlib, il ərzində 9 rəy hazırlayaraq aidiyyəti üzrə təqdim etmişik.
AZƏRTAC xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov aprelin 12-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında söyləyib.
Hesablama Palatası sədrinin sözlərinə görə, hesabat ilində 42 audit üzrə yoxlama keçirilib. Bunlardan 36-sı Bakıda, 6-sı isə digər şəhərlərdə olub.
Dövlət satınalmalarının diqqətdə saxlanıldığını qeyd edən sədr mövcud nöqsanlardan və uyğunsuzluqlardan danışıb, hüquqi pozuntuların olduğunu bildirib. Diqqətə çatdırılıb ki, nöqsanlardan biri də dövlətin ehtiyacının düzgün müəyyən edilməməsi və müqavilələrin əsassız uzadılmasıdır.
Vüqar Gülməmmədov əlavə edib ki, Strateji Plana uyğun olaraq cari ildə 214 tədbir planlaşdırılıb.