SİYASƏT
Ştutqartda Azərbaycan icması ilə görüş olub
Ştutqart, 16 sentyabr, AZƏRTAC
Almaniyanın Ştutqart və ətraf şəhərlərində yaşayan Azərbaycan icması ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüş Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Almaniyadakı Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Günay Mirzəyevanın moderatorluğu ilə keçirilən görüşdə öncə Nuran Abdullayev rəhbərlik etdiyi Almaniya Azərbaycanlıları Alyansının fəaliyyəti barədə məlumat verib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ölkəmizin diaspor siyasəti barədə danışıb, Azərbaycan xalqının Ümummilli Liderinin əsasını qoyduğu bu siyasəti Prezident İlham Əliyevin uğurla davam etdirdiyini vurğulayıb. Görüşdə komitənin fəaliyyəti, xaricdəki Azərbaycan evləri, Koordinasiya şuraları, həftəsonu məktəbləri, Diaspor Gənclərinin Yay Düşərgələri və digər böyük layihələr barədə geniş məlumat verilib.
Daha sonra Azərbaycan diasporunun fəaliyyəti, eləcə də Azərbaycanın Qarabağ zəfərini əks etdirən videoçarxlar nümayiş olunub.
Günay Mirzəyeva çıxışında rəhbərlik etdiyi mərkəzin fəaliyyətini diqqətə çatdırıb, Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasında ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın əvəzolunmaz xidmətlərindən danışıb.
Almaniyadakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədr müavini, italyan bəstəkarı və mədəni tədbirlər üzrə təşkilatçı Françesko Macco öz çıxışında Azərbaycana sevgisini ifadə edib, ölkəmizə səfəri və unudulmaz xatirələri barədə söz açıb.
İrəvan xanının varisi, mühəndis Əmir Əli Sərdari İrəvani tarixi ekskurs edərək İrəvan xanının Azərbaycan tarixindəki rolunu xatırladıb, eyni zamanda, bu gün xaricdə yaşayan azərbaycanlılara göstərilən qayğıya görə dövlətimizə təşəkkürünü bildirib.
İcma üzvü, musiqiçi Nigar Sultanova çıxışında icma fəaliyyətinin daha da genişlənməsi üçün təkliflərini səsləndirib.
Görüş maraqlı fikir mübadiləsi və sualların cavablandırılması ilə davam edib.
İcma üzvləri Almaniyada fəaliyyət göstərən diaspor təşkilatlarının fəaliyyətini müsbət qiymətləndirib, belə görüşlərin xaricdəki azərbaycanlıların həmrəyliyinin möhkəmlənməsinə əvəzsiz töhfə olduğunu bildirib, Ştutqartda Azərbaycan Evinin açılması ilə bağlı arzularını dilə gətiriblər.
Görüş mədəni proqramla yekunlaşıb.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Ştutqart