Su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının görüşü keçirilib
Bakı, 7 iyul, AZƏRTAC
“Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişə əsasən yaradılan Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının 24-cü görüşü videokonfrans şəklində keçirilib.
Bu barədə AZƏRTAC-a Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin (ASC) nümayəndəsi Dilqəm Şərifov məlumat verib.
Azərbaycan-Rusiya Birgə Komissiyasının Azərbaycan tərəfindən həmsədri, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə keçirilən iclasda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Rəqəmsal İnkişaf və Nəqliyyat, Ekologiya və Təbii Sərvətlər və Xarici İşlər nazirliklərinin, eləcə də Dövlət Sərhəd Xidmətinin nümayəndələri iştirak ediblər.
Keçirilən görüşdə bir sıra məsələlər müzakirə olunub. Belə ki, Samur çayının su ehtiyatlarının iki ölkə arasında bölgüsü və monitorinqi, Samur Hidroqovşağının birgə istismarı və digər məsələlərə baxılıb. Müzakirələrin nəticəsində görüləcək tədbirlər barədə birgə müvafiq protokol imzalanıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.