İDMAN
Su polosu üzrə Rumıniya millisi Bakıda keçirilən ənənəvi “Prezident kuboku” turnirində qalib gəlib
Bakı, 7 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Bakı Su İdmanı Sarayında keçirilən su polosu üzrə ənənəvi “Prezident kuboku” beynəlxalq turniri mayın 7-də başa çatıb.
AZƏRTAC xəbər verir ki, turnirdə 3-cü yer uğrunda mübarizədə Moldova təmsilçiləri isveçrəli rəqiblərinə 12:8 hesabı ilə qalib gəliblər. Turun həlledici oyununda isə Azərbaycan və Rumıniya milli komandaları qarşılaşıb. Gərgin keçən oyunda Rumıniya idmançıları 15:7 hesabı ilə qələbə qazanaraq turnirin qalibi olublar.
İdmançıları təbrik edən Azərbaycan Su İdmanı Növləri Federasiyasının prezidenti Xanlar Fətiyev onlara uğurlar arzulayıb və yarışın əhəmiyyətindən danışaraq deyib: “Azərbaycan vaterpolçuları Su İdmanı Federasiyasının son 30 illik tarıxındə ən böyük uğura imza ataraq U-19 Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıblar. Bu, təkcə federasiyamızın deyil, bütün Azərbaycanın uğurudur. Bu uğur münasibətilə bütün idmansevərləri, su polosu üzrə milli komandamızın üzvlərini ürəkdən təbrik edirəm”.
X.Fətiyev Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində sürətlə inkişaf edən Azərbaycanda digər sahələrdə olduğu kimi idmanın da inkişafına yüksək diqqət və qayğı göstərildiyini bildirib. Qeyd edib ki, bu diqqət və qayğı nəticəsində ən mötəbər yarışların və turnirlərin keçirildiyi məkan olan Azərbaycanda ən müasir idman qurğuları, stadionlar, su hovuzları, Olimpiya İdman kompleksləri inşa olunur.
Sonda qaliblərə kubok və medallar təqdim olunub.