SUDAN PAYTAXTINDA ƏRƏB DÖVLƏTLƏRİ BİRLİYİNİN 18-Cİ ZİRVƏ TOPLANTISI BAŞLANMIŞDIR
BMT-nin baş katibi Kofi Annan, Avropa İttifaqının və Afrika İttifaqının nümayəndələri, İslam Konfransı Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, Rusiya XİN başçısının müavini Aleksandr Saltanov görüşə fəxri qonaqlar kimi gəlmişlər.
Görüşün gündəliyinə 22 məsələ daxildir. İraqda vəziyyət, ölkə hökumətinin formalaşdırılması və xarici qoşunların buradan çıxarılması, ərəb-İsrail münaqişəsinin tənzimlənməsi, Fələstin Muxtariyyətinə maliyyə yardımı göstərilməsi, Həmas hərəkatının dəstəklənməsi xüsusilə mühüm məsələlər sayılır. Bundan başqa, ərəb liderləri Sudanın Darfur əyalətində vəziyyət və BMT-nin beynəlxalq qüvvələrini ölkənin qərbinə göndərmək planları, ABŞ-ın Suriyaya qarşı birtərəfli qadağaları, ƏDB-nin Sülh və Təhlükəsizlik Şurası və Ərəb Dövlətləri Tribunalı yaradılması layihəsi, ərəb ölkələrinin Avropa, Afrika, Asiya və Amerika dövlətləri ilə əməkdaşlığı və digər məsələlər barədə öz mövqelərini açıqlayacaqlar.
Xartum görüşünü 1300-dən çox jurnalist işıqlandırır.