SÜLEYMAN DƏMİRƏL: TÜRK DÜNYASI BÖYÜK BİR ÖVLADINI İTİRMİŞDİR
TÜRKİYƏ RESPUBLİKASININ 9-CU PREZİDENTİ SÜLEYMAN DƏMİRƏL BAKIYA GƏLMİŞDİR
Hörmətli qonağı hava limanında Azərbaycanın xarici işlər naziri Vilayət Quliyev, Türkiyənin ölkəmizdəki səfiri Əhməd Ünal Çeviköz, Azərbaycanın Ankaradakı səfiri Məmməd Əliyev və digər rəsmi şəxslər qarşılamışlar.
İxtiyar yaşda olmasına baxmayaraq, uzaq bir yol qət edərək Bakıya gəlməklə o, Prezident Heydər Əliyevə və Azərbaycan xalqına olan dostluğa sədaqətini bir daha nümayiş etdirmişdir.
Cənab Süleyman Dəmirəl Binə hava limanında jurnalistlərə demişdir: Dost, qonşu və qardaş Azərbaycana çox dəyərli Prezident, əziz dostum, qardaşım, hörmətli Heydər Əliyevin vəfatı ilə əlaqədar başsağlığına gəlmişəm. Azərbaycan xalqı, Türkiyə xalqı və türk dünyasının bütün xalqları böyük bir övladını itirmişdir. Ona Allahdan rəhmət diləyirəm və Azərbaycandakı qardaşlarıma başsağlığı verirəm. Mən cənab Heydər Əliyevin məzarını ziyarət edəcək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı verəcəyəm və sonra Türkiyəyə dönəcəyəm.
Türkiyə-Azərbaycan münasibətləri, əlaqələrimiz bundan sonra da inkişaf edəcəkdir. Hörmətli, rəhmətlik Heydər Əliyevin dediyi kimi, Türkiyə-Azərbaycan dostluğu əbədidir, heç bir şey onu poza bilməz. Bu yol davam edəcəkdir.
Süleyman Dəmirəl Heydər Əliyevdən daha bir sitat gətirərək demişdir: Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir və qardaşlığımız, dostluq əlaqələrimiz sonsuzluğa qədər yaşayacaqdır. Düşünürəm ki, Azərbaycanda hər şey yaxşı olacaq. Hər bir dövlətdə sıxıntılar var. Amma Azərbaycandakı birlik, bərabərlik havası onun bütün problemlərinin həllinə kömək edəcəkdir. Azərbaycan ötən 10 il ərzində 30 illik inkişaf yolu keçmişdir. Ona görə də hər şey yaxşı olacaqdır. Heydər Əliyev çox böyük bir dövlət adamı idi.