SİYASƏT
Sülhməramlılara aid 3 avtomobil Xankəndiyə, 4-ü isə Laçına doğru hərəkət edib
Şuşa, 23 fevral, Ceyhun Alışlı, AZƏRTAC
Rusiya sülhməramlılarına məxsus yeddi avtomobil azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil etdikləri aksiya ərazisindən sərbəst keçib.
AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, bir yük, iki minik avtomobilinin Laçından Xankəndiyə, bir yük, iki minik və bir zirehli avtomobilin isə əks istiqamətdə hərəkətinə şərait yaradılıb.
Həmişə olduğu kimi, bu gün - ekoaksiyanın 74-cü günündə də sülhməramlılara məxsus nəqliyyat vasitələrinin ərazidən heç bir maneə olmadan hərəkət etmələri bir daha aksiyanın məramının dinc olduğunu nümayiş etdirir. Azərbaycanlı ekofəallar etirazların ilk günündən humanist prinsiplərə sadiqdirlər. Heç də siyasi xarakter daşımayan bu aksiya Qarabağ ərazisində faydalı qazıntı yataqlarının istismarına qarşıdır.
Qeyd edək ki, hazırkı vaxtadək aksiya ərazisindən 13 avtomobilin keçidi təmin olunub.