Sülhməramlıların daha 10 avtomobili aksiya ərazisindən keçərək Laçın istiqamətinə gedib
Şuşa, 17 fevral, Ceyhun Alışlı, AZƏRTAC
Bu dəqiqələrdə Rusiya sülhməramlılarına məxsus doqquz avtomobil azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil etdikləri aksiya ərazisindən sərbəst keçib.
AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, doqquzu yük, biri isə minik avtomobili olan nəqliyyat vasitələri Xankəndidən Laçına doğru hərəkət edirlər.
Sülhməramlılara aid nəqliyyat vasitələrinin aksiya ərazisindən heç bir maneə olmadan hərəkət etmələri bir daha aksiyanın məramının dinc olduğunu nümayiş etdirir. Azərbaycanlı ekofəallar ilk gündən olduğu kimi, humanist prinsiplərə sadiqdirlər. Heç də siyasi xarakter daşımayan bu aksiya Qarabağ ərazisində faydalı qazıntı yataqlarının istismarına qarşıdır.
Xatırladaq ki, bu gün hazırkı vaxtadək sülhməramlılara məxsus 70 avtomobil aksiya ərazisindən sərbəst keçib.
Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.