Sumqayıt ayparaçıları 340 ahıl və aztəminatlı ailəni Qurban bayramında sevindirib
Sumqayıt, 29 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
Ölkəmizdə qeyd olunan müxtəlif bayramlarda aztəminatlı ailələrə Qızıl Aypara Cəmiyyəti (QAC) Sumqayıt şəhər bölməsinin sovqatları paylanılır, sosial yardıma ehtiyacı olan minlərlə şəxsə bayram əhval-ruhiyyəsi bəxş edilir. Müsəlmanların əziz bayramında Sumqayıt ayparaçıları bölmənin qeydiyyatında olan 340 tənha ahıla, yataq xəstələrinə bayram payı və müxtəlif ərzaq sovqatı verib. Qurban sovqatlarının paylanılması QAC-ın Sumqayıt şəhər bölməsinin ofisində təşkil olunub.
Bölmənin sədri Mətanət Məhərrəmova AZƏRTAC-a bildirib ki, hər il olduğu kimi bu Qurban bayramında da tənha ahıllar, aztəminatlı ailələr Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsi tərəfindən sevindirilib.
“Bu işdə bizə uzun illərdi əməkdaşlıq etdiyimiz “SOCAR Polymer” MMC, “Paşa Həyat Sığorta” ASC, “Azersun Holding”, “Aqrarkredit” Səhmdar Kredit Təşkilatı, Sumqayıt Şəhər İcra Hakimiyyəti yardımçi oldu. Eyni zamanda “Ordubad” marketin verdiyi məhsullar da sovqatları zənginləşdirib”,-deyə o bildirib.
Mətanət Məhərrəmova xeyirxah əməlləri ilə bayramı bayram edən, kövrək qəlblərə məlhəm olan, tənhaları tək qoymayan tərəfdaşlarına bölmə və ahıllar adından minnətdarlığını bildirib.
Bayram sovqatları alan ailələr onları diqqətdə saxlayan təşkilat nümayəndələrinə bu işdə əməyi keçən hər kəsə, şəhər ayparaçılarına və könüllülərə öz təşəkkürlərini bildiriblər.