Sumqayıt kimyaçıları 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla yad etmişlər
Sumqayıt, 20 yanvar (AZƏRTAC). Azərbaycan Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin çoxminli kollektivinin nümayəndələri Sumqayıtda kimyaçıların Üzeyir Hacıbəyli adına mədəniyyət sarayına toplaşmışdı. Burada 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş qanlı hadisələrin 21-ci ildönümünə həsr edilmiş anma tədbiri keçirilmişdir.
Mədəniyyət sarayının bu gün özünəməxsus tərzdə tərtib edilmiş geniş foyesində hər şey Azərbaycan xalqının tarixinə onun mübarizlik, qürur və şərəf nümunəsi kimi daxil olmuş 20 Yanvar hadisələrini xatırladırdı. Böyük qara panno üzərində düzülmüş qırmızı qərənfillər yandırılmış şamların işığında sanki başlarını əymişdi. Tədbir iştirakçıları dinc əhaliyə qarşı törədilmiş bu dəhşətli hərbi cinayət haqqında fotosərgi ilə tanış oldular. Gənc fırça ustalarının əl işlərində bu faciə məktəblilərin gözləri ilə təsvir edilmişdi.
Mədəniyyət sarayının zalında toplaşmış kimyaçılar 20 Yanvar şəhidlərinin xatirəsini bir dəqiqə sükutla yad etdilər.
İstehsalat Birliyinin və şəhər təhsil şöbəsinin birgə təşkil etdiyi bədii qiraət müsabiqəsinin qalibləri Azərbaycan şairlərinin şeirləri əsasında tematik kompozisiyanı ifa etdilər.
“Azərikimya” İstehsalat Birliyinin müşahidə şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev, Həmkarlar İttifaqı Komitəsinin sədri Vaqif Ömərov, Əməkdar Mühəndis Təbrik Quliyev və başqaları tədbir iştirakçılarına bir daha xatırlatdılar ki, 1990-cı il yanvarın 20-nə keçən gecə sovet qoşunları heç bir xəbərdarlıq etmədən Bakıya soxulmuş, dinc əhalini atəşə tutmuş, günahsız insanlar qəddar zorakılığa məruz qalmışlar. Azərbaycan xalqı onun tarixində qanlı iz qoymuş o dəhşətli yanvar gecəsində baş verənləri heç vaxt unutmayacaqdır. Əliyalın, lakin qorxmaz, mərd, fədakar insanlar dövlətin və xalqın mənafeyini müdafiə etmək üçün ayağa qalxmış, xalqımızın milli müstəqillik uğrunda mübarizə tarixinə şanlı səhifə yazmışlar.
Natiqlər bu faciəyə hüquqi-siyasi qiymət verilməsində əsil təqsirkarlarının adlarını çəkmiş ümummilli lider Heydər Əliyevin rolunu xüsusi vurğulamışlar. Məhz 1993-cü ildə Heydər Əliyev yenidən hakimiyyətə gələndən sonra 20 Yanvar hadisələri hərtərəfli təhlil və geniş müzakirə mövzusu olmuşdur. 20 Yanvar hadisələri keçmiş SSRİ rəhbərliyi tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş ağır cinayətdir. Təəssüf ki, bu cinayətə beynəlxalq aləmdə hələ də hüquqi qiymət verilməmişdir.
Tədbirdə çıxış edənlər təcavüzkar üzərində qələbəyə əmin olduqlarını, Azərbaycanın hazırda düşmən tapdağı altında olan əzəli torpaqlarının hamısını tezliklə qaytaracağımıza ümid etdiklərini bildirmişlər.