Sumqayıt Peşə Təhsil Mərkəzində qanvermə aksiyası təşkil olunub
Sumqayıt, 24 avqust, Ətrabə Rzayeva, AZƏRTAC
İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdindəki Peşə Təhsil Mərkəzi nəcib aksiyaya qoşulub. Burada Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara yardım məqsədilə qanvermə aksiyası keçirilib. Aksiyaya Mərkəzin əməkdaşları, müəllim-pedaqoji heyəti ilə yanaşı, təhsil müəssisəsinin tərəfdaşları da fəal qoşulublar.
AZƏRTAC xəbər verir ki, Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu nəzdində fəaliyyət göstərən Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş tibb briqadasının həkim-hematoloqları müraciət edənlərin sağlamlıq vəziyyətini qiymətləndirdikdən sonra onlardan qan götürülüb.
Toplanan qan ehtiyatı yoxlanılaraq talassemiya, eləcə də hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqların müalicəsində istifadə olunacaq.