“Süni intellekt: sənayedə tətbiqi, hüquqi aspektləri, beynəlxalq təcrübə” mövzusunda seminar keçirilib
Bakı, 21 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin (MSN) yaradılmasının 20 illiyi ilə bağlı təşkil olunan silsilə tədbirlər çərçivəsində noyabrın 21-də nazirliyin Milli Aerokosmik Agentliyində (MAKA) “Süni intellekt: sənayedə tətbiqi, hüquqi aspektləri, beynəlxalq təcrübə” mövzusunda seminar keçirilib.
Seminarda MSN-in tabeliyində olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin, MAKA-nın və Elmi-Tədqiqat İnstitutunun aparıcı mütəxəssisləri, Azərbaycan Texniki Universitetinin bakalavr və magistrləri iştirak ediblər.
MAKA-nın baş direktoru vəzifəsini müvəqqəti icra edən Soltan Qasımov aktual elmi mövzulara həsr olunmuş seminarların keçirilməsinin əhəmiyyəti barədə danışıb.
Müdafiə sənayesi nazirinin müşaviri Arif Babayev çıxış edərək Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyində səsləndirdiyi fikirlərin süni intellektin inkişafı, elmi potensialın gücləndirilməsi və yeni texnoloji həllərin genişləndirilməsi baxımından mühüm “yol xəritəsi” olduğunu vurğulayıb. A.Babayev son illərdə MSN-in rəhbərliyi tərəfindən müdafiə sənayesində süni intellektin tətbiqi, tədqiqatların dəstəklənməsi, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi və kadr potensialının artırılması istiqamətində ardıcıl və sistemli işlər görüldüyünü qeyd edib.
Seminarda məruzəçilər “Müdafiə texnologiyaları və kibertəhlükəsizlikdə süni intellektin tətbiqi: çağırışlar, imkanlar və milli təhlükəsizlik perspektivləri”, “Süni intellekt sistemlərinin müdafiə sənayesində tətbiqi beynəlxalq təcrübədə”, “Süni intellektin tətbiqi: hüquq və insan hüquqları prizmasından. Beynəlxalq təcrübənin nəticələri”, “Biotibbi mühəndislik sahəsində süni intellekt texnologiyalarının tətbiqi: avtonom intellektual davranış modelləri” mövzularında təqdimatlarla çıxış ediblər.
Seminar interaktiv müzakirələrlə davam etdirilib.