Süni intellekt və rəqəmsallaşma Azərbaycanı Orta Dəhlizin “ağıllı beyni”nə çevirə bilər- ŞƏRH
Bakı, 2 mart, Pərvanə Qafarova, AZƏRTAC
Azərbaycanın rəqəmsal transformasiya, texnologiya və süni intellekt sahəsində atdığı addımlar ölkənin Orta Dəhlizdə logistika və enerji mərkəzi kimi rolunu keyfiyyətcə yeni mərhələyə daşımaq potensialına malikdir. Fiziki infrastrukturun rəqəmsal və süni intellekt ekosistemi ilə inteqrasiyası Azərbaycanı təkcə tranzit ölkə deyil, məlumat, texnologiya və ağıllı logistika həlləri yaradan regional innovasiya mərkəzinə çevirə bilər.
Bu barədə AZƏRTAC-a açıqlamasında Dokuz Eylül Universitetinin Beynəlxalq ticarət və biznes kafedrasının, Biznes fakültəsinin müəllimi, professor Ülviyyə Sanılı Aydın bildirib.
Professor bildirib ki, Orta Dəhlizin rəqəmsallaşdırılması nəqliyyat proseslərində səmərəliliyi və proqnozlaşdırılmanı əhəmiyyətli dərəcədə artıra bilər: “Süni intellekt əsasında tələbin proqnozlaşdırılması, marşrutların optimallaşdırılması, gömrük prosedurlarının avtomatlaşdırılması və yüklərin real vaxt rejimində izlənməsi tranzit müddətlərini qısaldır, xərcləri azaldır və təchizat zəncirində şəffaflığı gücləndirir. Blokçeyn əsaslı sənəd yoxlama sistemləri və rəqəmsal konosamentlər sərhəd keçidlərində bürokratiyanın azalmasına imkan verə bilər. Bu yanaşma Orta Dəhlizi coğrafi alternativdən texnoloji baxımdan üstün ticarət yoluna çevirə bilər”.
Ülviyyə Sanılı Aydın qeyd edib ki, logistika infrastrukturunun məlumat mərkəzləri və rəqəmsal xidmətlərlə inteqrasiyası Azərbaycanı regional “rəqəmsal keçid” kimi mövqeləndirə bilər: “Fiber-optik xətlərin, 5G/6G infrastrukturunun və təhlükəsiz məlumat saxlama mərkəzlərinin Bakı və əsas logistika qovşaqları ətrafında cəmləşməsi elektron ticarət, fintech, “ağıllı liman” idarəetməsi və sərhəd təhlükəsizliyi texnologiyaları kimi sahələrdə yeni biznes modelləri formalaşdıracaq. Bu, Azərbaycanı Avropa ilə Asiya arasında təkcə malların deyil, məlumat və rəqəmsal xidmətlərin axınının da mühüm həlqəsinə çevirir”.
Ü.S.Aydın vurğulayıb ki, süni intellektlə işləyən “ağıllı liman” və “ağıllı gömrük” həlləri Orta Dəhlizin rəqabət qabiliyyətini daha da artıra bilər: “Sensor əsaslı monitorinq, avtomatlaşdırılmış boşaltma planlaşdırması və Ələt Limanı kimi mərkəzlərdə güclü kibertəhlükəsizlik infrastrukturu əməliyyat risklərini azaldır və beynəlxalq logistika şirkətləri üçün təhlükəsiz mühit yaradır. Bu üstünlüklər Azərbaycanı Orta Asiya və Cənubi Qafqazda standartları müəyyən edən ölkə kimi mövqeləndirə bilər. Bu transformasiyanın davamlılığı institusional islahatların dərinliyindən asılıdır. O, prioritet istiqamətlər sırasında məlumatların idarə olunması və kibertəhlükəsizlik çərçivəsinin gücləndirilməsini, gömrük və sərhədkeçmə proseslərində tam rəqəmsal inteqrasiyanın təmin edilməsini, startap ekosistemini dəstəkləyən hüquqi və maliyyə mexanizmlərinin formalaşdırılmasını, insan kapitalına investisiyaların artırılmasını və dövlət–özəl sektor tərəfdaşlıqlarının genişləndirilməsini xüsusi qeyd edib”.
Professor Ülviyyə Sanılı Aydın Azərbaycanın mövcud geostrateji üstünlüklərinə də diqqət çəkib: “Azərbaycanın Avropa Birliyi və Çin kimi iki böyük bazar və rəqəmsallaşmanın əsas oyunçuları arasında yerləşməsi ciddi imkanlar yaradır. Bu mövqedən səmərəli istifadə üçün qlobal texnoloji trendlərə sürətlə uyğunlaşmaq vacibdir. Digər mühüm amil Türkiyənin bu prosesdəki roludur. Türkiyənin Avropa Birliyi ilə uyğunlaşdırılmış hüquqi və texniki infrastrukturu, gənc işçi qüvvəmizlə birləşdikdə, qısa və orta müddətdə qarşıya qoyulan hədəflərə çatmaq mümkündür”.
Ekspertin sözlərinə görə, rəqəmsal və süni intellekt ekosisteminin Orta Dəhliz boyunca nəqliyyat infrastrukturu ilə inteqrasiyası Azərbaycanı qlobal texnologiya dəyər zəncirlərində daha yüksək mövqeyə yüksəldə, ölkəni fiziki tranzit körpüsündən “ağıllı logistika” və rəqəmsal ticarət həlləri təqdim edən regional innovasiya mərkəzinə çevirə bilər.