“Sürix” klubunun baş məşqçisi: Hər iki komandanın mərhələ adlamaq şansı eynidir
Bakı, 19 iyul, AZƏRTAC
Birinci hissə rəqibin, ikinci hissə isə bizim hesabımıza yazıla bilər. Birinci hissədə 2:0 ədalətli nəticə idi.
AZƏRTAC xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Ağdamın “Qarabağ” klubunun qonağı olan İsveçrənin “Sürix” komandasının baş məşqçisi Franko Foda matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.
Baş məşqçi bildirib ki, birinci hissədə rəqib üstün idi və təzyiqi artırdı. İkinci hissədə öz oyunumuzu tapdıq və daha yaxşı oynadıq. “Qarabağ” oynamağımıza imkan vermirdi.
“Fasilədə bir neçə dəyişiklik etdim və bu da özünü göstərdi. Rəqib topu yaxşı saxlayırdı. Qapıçıları Şahruddin Məhəmmədəliyev onları bir neçə epizodda qoldan xilas etdi. Düşünürəm ki, 3:3 hesabı layiqli nəticə olardı. Hər iki komandanın mərhələ adlamaq şansı eynidir. Komanda uduzanda sevinə bilmərəm. Cütün taleyinə ikinci oyunda aydınlıq gələcək”, - deyə F.Foda əlavə edib.
Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan matç “Qarabağ”ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Cavab oyunu iyulun 27-də İsveçrədə keçiriləcək. “Sürix”i üstələyəcəyi təqdirdə, “Qarabağ” UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Ferentsvaroş” (Macarıstan) - “Slovan” (Bratislava, Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək. Əks halda, Azərbaycan təmsilçisi Avropa Liqasının eyni raundunda “Linfild” (Şimali İrlandiya) - “Budyo Qlimt” (Norveç) cütünün məğlub komandası ilə görüşəcək.
"Qarabağ" birinci təsnifat mərhələsində Polşa "Lex"ini iki oyunun nəticəsinə əsasən mübarizədən kənarlaşdırıb - 0:1;5:1. “Sürix" isə avrokuboklarda mübarizəyə bu mərhələdən başlayıb.