RƏSMİ XRONİKA
ŞUŞA MƏDƏNİ-MAARİF TEXNİKUMUNUN KOLLEKTİVİNƏ
Sizi, texnikumun məzunlarını, respublikanın maarif işçilərini Şuşa Mədəni-Maarif Texnikumunun 100 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm.
1907-ci ildə gimnaziya kimi yaradılan və 1922-ci ildə Müəllimlər Seminariyasına çevrilən Şuşa Mədəni-Maarif Texnikumunun Azərbaycan təhsilinin inkişafında özünəməxsus xidmətləri olmuşdur.
Sizin texnikumun yaranma tarixi XX əsrin əvvəllərində Azərbaycanda maarifçilik hərəkatının böyük vüsət aldığı dövrə təsadüf edir. Ölkəmizdə təhsil sisteminin təşəkkülü və inkişafında öz yeri olan texnikumunuz şərəfli bir yol keçmişdir. O, fəaliyyət göstərdiyi illər ərzində maarifpərvər ziyalıların fədakar əməyi sayəsində ölkəmiz üçün lazımi kadrlar yetişdirilməsi işində mühüm rol oynamışdır. Texnikum uzun illər pedaqoji məktəb kimi fəaliyyət göstərmişdir. Bu təhsil ocağının yetirmələri gənc nəslin təlim-tərbiyəsində böyük əmək sərf etmişlər. Bu gün Azərbaycanın hər bir guşəsində texnikumun məzunlarına rast gəlmək mümkündür.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Qarabağın bütün maarif və mədəniyyət müəssisələri kimi, sizin texnikum da talan edilmişdir. Ölkəmizin ərazi bütövlüyünün qorunmasında qəhrəmanlıq nümunəsi göstərən Vətən oğulları arasında texnikumunuzun yetirmələri də vardır. Onların xatirəsini bu yubiley günündə dərin ehtiramla yad edirik.
Bütün çətinliklərə baxmayaraq, Bakı şəhərində məskunlaşmış texnikumunuz özünün zəngin pedaqoji ənənələrini indi də davam etdirir, tələbələrin seçdikləri ixtisasların sirlərinə yiyələnmələrində, Vətənə layiqli övladlar kimi formalaşmalarında səy və bacarığını əsirgəmir.
İnanıram ki, siz bundan sonra da mədəni-maarif müəssisələrimiz üçün mütəxəssislərin hazırlanması işinə öz töhfənizi verəcəksiniz.
Yubiley münasibətilə hamınıza cansağlığı, səadət və yeni uğurlar arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 dekabr 2007-ci il.