Tacikistan nümayəndə heyəti DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub
Bakı, 28 fevral, AZƏRTAC
Tacikistanın əmək, miqrasiya və məşğulluq nazirinin müavini Kiyomiddin Davlatzodanın başçılıq etdiyi nümayəndə heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub.
Bu barədə AZƏRTAC-a DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzindən bildirilib. Qonaqlar Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlayan Mərkəzdə həssas əhali qruplarından olan şəxslər üçün yaradılan şərait və yaradıcılıq studiyaları ilə tanış olublar. DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Nigar Məmmədova nümayəndə heyətini qurumun fəaliyyəti və xidmət istiqamətləri barədə məlumatlandırıb. Qeyd olunub ki, Mərkəzdə sosial cəhətdən həssas əhali qruplarına aid şəxslərin yaradıcılıq potensialının inkişafı və cəmiyyətə tanıdılması istiqamətində davamlı işlər görülür. Burada təlim prosesi ilə yanaşı, təlim alan şəxslərin sosial adaptasiyası məqsədilə tədbirlər, konsert və sərgi layihələri təşkil olunur. Nümayəndə heyətinə Mərkəzdə həyata keçirilən sosial-psixoloji dəstək, multidissiplinar fəaliyyət istiqamətləri barədə də məlumat verilib. Bildirilib ki, Mərkəzin benefisiarlarının əl işləri beynəlxalq layihələrdə, o cümlədən bu yaxınlarda Gənclərin 4-cü Qış Olimpiya Oyunları çərçivəsində Cənubi Koreya Respublikasında təşkil olunan ekspozisiyada uğurla nümayiş etdirilib.
Qonaqlara Mərkəzin istedadlı musiqiçilərinin ifasında İnklüziv ansamblın müşayiəti ilə konsert proqramı təqdim olunub. Təlimçilərin və benefisiarların müxtəlif yaradıcılıq istiqamətləri üzrə hazırladıqları əl işlərindən ibarət sərgi, Novruz ekspozisiyası nümayəndə heyəti tərəfindən maraqla qarşılanıb.