SİYASƏT
Tanınmış aktivist: Fransa imperializminə qarşı mübarizə aparan hər kəs bizim tərəfdaşımızdır VİDEO
Bakı, 2 oktyabr, AZƏRTAC
Biz bir çoxları ilə tərəfdaş olaraq əməkdaşlıq edirik. Ola bilsin ki, bəzi insanların fərqli səbəbləri var. Ancaq Fransa imperializminə və eqosuna qarşı mübarizə aparan hər kəs bizim tərəfdaşımızdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri tanınmış aktivist Kemi Seba söyləyib.
K.Seba bildirib: “Bu gün Fransanın eqosu ən yüksək mərhələyə gəlib çıxıb. Biz solçu hərəkatlardan birinin dəvəti ilə İtaliyada olduq. Fransanın bu ölkə ilə müəyyən problemləri var. Fransa İtaliyaya bizim qardaşlarımıza və bacılarımıza necə davranmaq lazım olduğunu öyrətməyə çalışır, onlara dərs keçmək istəyir. Biz İtaliya hökumətinə böyük bir hesabat təqdim etdik. Fransızlar isə bizim bu hesabatımızın bu iki ölkə arasındakı problemi dərinləşdirdiyini düşünürdülər. Bunu mütləq qeyd etməliyəm ki, Fransanın eqosu uzun illər ərzində formalaşmış imperialist düşüncənin bir hissəsidir. Fransa keçmiş müstəmləkələrində hələ də nüfuzunu qorumaq və nəzarəti saxlamaq istəyir. Lakin bu eqo və imperialist yanaşma artıq sona çatır”.
İnformasiyanın qloballaşdığını, texnologiyaların inkişaf etdiyini bildirən aktivist deyib ki, bütün bunlar Afrika xalqlarının birləşmələri üçün şərait yaradır. Afrikada gənc nəsil artıq gözünü açmağa və hərəkətə keçməyə qərar verib. Onlar düşmənlərini tanıya bilirlər.