TASİS-İN AZƏRBAYCANDA ÜÇ YENİ LAYİHƏSİNƏ HAZIRLIQ BAŞA ÇATIR
“Faza II – tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişin gerçəkləşdirilməsinə yardım” layihəsi üzrə işə gələn il yanvarın sonları - fevralın əvvəllərində başlanacaqdır. Onun ümumi dəyəri 2 milyon avrodan çoxdur. Layihədə TƏS-in ticarət, iqtisadi və kommersiya müddəalarının gerçəkləşdirilməsində, milli qanunvericilik normalarının Avropa qanunvericilik normalarına uyğunlaşdırılmasında Azərbaycana yardım göstərilməsi nəzərdə tutulur.
“Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinin dəstəklənməsi” layihəsi üzrə müsabiqənin qalibi olmuş Britaniyanın “IMC” şirkəti artıq Bakıda ofisini təsis etmişdir, 1,67 milyon avro dəyərində olan layihənin rəsmi açılış mərasimi isə cari ayın sonlarına planlaşdırılır. Həmin layihə İqtisadi İnkişaf Nazirliyinin institusional quruculuğuna texniki yardım göstərmək məqsədi ilə hazırlanmışdır.
Avropa Komissiyası 1 milyon avro dəyərində olan və 18 aya nəzərdə tutulan “Sərmayələrin və məsləhətləşmələrin təşviqi fondunun dəstəklənməsi” layihəsi üzrə işin başlanması tarixini isə bu il oktyabrın sonlarında Bakıda olmuş ekspert Sandra Roulun məruzəsi müzakirə edildikdən sonra müəyyənləşdirəcəkdir. Bu layihədə fondun institusional dəstəklənməsinə və sərmayələrin qorunmasına dair müvafiq qanunvericilik aktlarının və normativ aktların hazırlanması da daxil olmaqla, Azərbaycana xarici sərmayə qoyuluşunun təşviqi sahəsinə əməli kömək göstərilməsi nəzərdə tutulur.