TƏBİİ QAZIN VƏ ELEKTRİK ENERJİSİNİN HAQQININ ÖDƏNİŞ SƏVİYYƏSİ ARTIB
Qax Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, ölkəmizin başçısının müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq, son aylar rayonda əhali və müəssisələr tərəfindən işlədilən təbii qazın və elektrik enerjisinin haqqının ödənilməsinə ciddi nəzarət olunur. Həyata keçirilən tədbirlər nəticəsində iyul ayında əhali tərəfindən istehlak olunmuş təbii qazın dəyəri 84,2 faiz, elektrik enerjisinin dəyəri isə 59 faiz ödənilmişdir. Ümumiyyətlə, ilin birinci yarısında rayon üzrə təbii qazın haqqı 40,4 faiz, elektrik enerjisinin haqqı isə 51,5 faiz toplanmışdır.
Hazırda rayonda qaz istehlakçısı olan 4247 abonentin 2728 nəfəri və ya 64,3 faizi sayğac ilə təmin olunmuşdur. Cari ilin sonunadək rayonda sayğaclaşdırma işi başa çatdırılmalıdır. Mənzillərin sayğaclaşdırılması istehlak olunan təbii qazın dəqiq uçotunun aparılmasında və haqqının yığılmasında mühüm rol oynayacaqdır.