Tedaruk.az portalında ərzaq məhsullarına dair tələbatların yerləşdirilməsi davam edir
Bakı, 18 iyun, AZƏRTAC
İyun ayının 1-dən etibarən dövlət satınalmalarının vahid elektron platforması olan tedaruk.az portalında ərzaq məhsullarına dair tələbatların yerləşdirilməsi prosesinə başlanılıb. Artıq 94 dövlət satınalan təşkilat 238 ərzaq məhsulu üzrə növbəti il üçün tələbatlarını portala əlavə edib. Tələbatların yerləşdirilməsi prosesi iyun ayının 30-dək davam edəcək.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, qeyd olunan müddət ərzində ərzaq məhsullarına tələbatların vaxtında yerləşdirilməsi həm sifarişçi təşkilatlar, həm də satıcıların növbəti il ərzaq tədarükü planlamasına köməklik göstərəcək.
Tedaruk.az portalı Azərbaycanda dövlət qurumlarının və müəssisələrinin ərzaq məhsullarına dair tələbatlarını vahid elektron sistem üzərindən bəyan etməsinə, eləcə də bu tələbatların yerli təchizatçılar, istehsalçı və fermerlər tərəfindən qarşılanmasına şərait yaradan innovativ platformadır. Portal satınalmaların şəffaflığı, hesabatlılığı və effektivliyini artırmaq məqsədi daşıyır. Ötən il tedaruk.az portalında aparılan əməliyyatlarda ümumi dövriyyə zamanı dövlət vəsaitinə 7,1 faiz qənaət edilib.
Əlavə məlumat və texniki dəstək üçün istifadəçilər tedaruk.az portalının rəsmi veb-saytına daxil ola və ya “Aqrar Tədarük və Təchizat” ASC-nin qaynar xətti (050-400-88-99) ilə əlaqə saxlaya bilərlər.