Təhsil naziri Ağdam və Füzuli rayon sakinlərini qəbul edib
Bakı, 13 mart, AZƏRTAC
Martın 13-də Təhsil naziri Ceyhun Bayramov Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Ağdam və Füzuli rayon sakinlərini qəbul edib.
Qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad olunub.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2020-ci ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq həyata keçirilib.
Nazir vətəndaşların müraciət və təkliflərini diqqətlə dinləyib, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.
Qəbulda vətəndaşlar əsasən müəllimlərin işə qəbulu və yerdəyişməsi, məktəb binalarının əsaslı təmir və tikintisi, təhsil haqqı və digər məsələlərlə bağlı müraciətlər ediblər.