Təhsil Nazirliyi: sertifikatlaşdırma prosesinə hazırlıq məqsədilə sınaq imtahanları keçirilir
Bakı, 18 iyun, AZƏRTAC
Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılmasının keçirilməsində məqsəd müəllimlərin bilik səviyyəsini qiymətləndirmək, onların inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdir. Sertifikatlaşdırma ilə bağlı proqramın hazırlanması nəzərdə tutulur.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin cari təqvim ilinin sonunda həyata keçirilməsi planlaşdırılır. Hazırda isə sertifikatlaşdırma prosesinə hazırlıq məqsədilə sınaq imtahanları keçirilir. Sertifikatlaşdırma iki mərhələdən (test və müsahibə mərhələsi) ibarət olmaqla və videoçəkiliş təmin edilməklə keçiriləcək.
Qeyd edək ki, hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər), ilk dəfə işə qəbul olunanlar (5 il müddətində), azı 3 dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər bu prosesdə iştirak etməyəcəklər.