“Amerika Təhsil Şurası” qeyri-hökumət təşkilatı artıq 13 ildir ki, Azərbaycanda təhsil sektorunun inkişafı üzrə proqramlar həyata keçirir. Belə proqramlardan biri “Təhsildə tərəfdaşlıq” adlanır.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, onun ən son məzunları səkkiz nəfər azərbaycanlı müəllimdir. Elmira Əliyeva, Namiq Məmmədov, Nəzakət Mehdiyeva, Sahib Məcidov, Afət Süleymanova, Vüqar Əbdülrəhimov, Rəna Atayeva və Aybəniz Əliyeva son altı ayı ABŞ-ın Montana, Corciya və Nebraska ştatlarının universitetlərində keçirib, Amerikanın təhsil sistemində planlaşdırma ilə tanış olublar. Hər biri müəyyən sahə üzrə - təhsil siyasətinin təhlili, konkret fənnlər üzrə tədris planının hazırlanması, təhsil sisteminin demokratikləşməsi kimi sahələrdə uzunmüddətli tədqiqat aparmışdır. Məzunlar tədqiqatların nəticələrini Amerika Təhsil Şurasının Vaşinqtondakı baş qərargahında təqdim etmiş, biliklərini nümayiş etdirməklə yanaşı, Azərbaycanın Təhsil Nazirliyinə təqdim edəcəkləri təkliflər haqqında da danışmışlar.
Amerika Təhsil Şurasının prezidenti Dən Deyvidson azərbaycanlı məzunların məruzələrindən məmnun qalmışdır. O bildirmişdir ki, sovet dövründə Azərbaycanın təhsil sistemində çox böyük nailliyyətlər olsa da, XXI əsrin texnoloji nəbzini tutmaq üçün yeni biliklər, yeni qabiliyyətlər lazımdır. Məhz bunun üçün Şura Azərbaycanın Təhsil Nazirliyi ilə əməkdaşlıq edərək, təhsil sistemində sosioloji elmlər, kompyuter, xarici dillərin tədrisini gücləndirməyə çalışır. Dən Deyvidson demişdir: “Bu sahə, təbii ki, böyük sərmayə tələb edir. Gənc müəllimlərə, dərsliklərə, məktəblərin inkişafına qoyulan sərmayənin nəticələri özünü uzun müddətdən sonra büruzə versə də, gələcək nəsil üçün vacibdir. Azərbaycan hökuməti bunu gözəl anlayır. Sizin hökumətin təhsilin inkişafına ayırdığı sərmayələr diqqətəlayiqdir”.