Təkrar monitorinq aparılan 50 məktəbin 36-da tədrisin izlənməsi yaxşılaşıb
Bakı, 11 sentyabr, AZƏRTAC
Əvvəlki qiymətləndirmədə zəif nəticə göstərən 50 məktəbdə aparılan təkrar monitorinq zamanı 36 məktəbdə tədris prosesinin izlənməsi üzrə müsbət dinamika qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bunu Təhsil İnstitutunun direktorunun səlahiyyətlərini müvəqqəti icra edən, nazir müşaviri Elnur Əliyev təhsil işçilərinin sentyabr konfransında deyib. O bildirib ki, əvvəlki monitorinq zamanı məktəblərin cəmi 4 faizində tədris prosesinin izlənməsi kafi səviyyədə olduğu halda, təkrar monitorinq zamanı bu göstərici 72 faizə yüksəlib.
Elnur Əliyev qeyd edib ki, məktəblərdə qiymətləndirmə nəticələrinin təhlili üzrə də müsbət dinamika müşahidə olunub. Təxminən 35–36 məktəbdə bu istiqamətdə işlərin təkmilləşdirildiyi müəyyənləşdirilib.
Nazir müşaviri bildirib ki, formativ qiymətləndirmənin təşkili üzrə də irəliləyiş var. Əvvəlki monitorinqdə 50 məktəbdən yalnız 2-də bu istiqamət qənaətbəxş olduğu halda, hazırda 12-yə yaxın məktəbdə, yəni 24 faizində formativ qiymətləndirmənin təşkili qənaətbəxş hesab olunur. Bununla belə, 38 məktəbdə bu istiqamətdə işlərin təkmilləşdirilməsinə ehtiyac qalır.
O bildirib ki, məktəblərdə şagirdlərin punktuallığının və davamiyyətinin izlənməsi ilə bağlı müəyyən nöqsanlar da müşahidə olunub. Məktəb direktorlarına bu məsələlərə xüsusi diqqət yetirmələri tövsiyə edilib.
Elnur Əliyev əlavə edib ki, tədrisin keyfiyyətinin izlənməsi üzrə qənaətbəxş nəticə göstərən məktəblərin sayı 2-dən 36-ya yüksəlib. Məktəb rəhbərlərinin dərsləri müşahidə etmək və tədrisin keyfiyyətini təhlil etmək bacarıqları formalaşsa da, əsas çatışmazlıq bu prosesin sistemli aparılmamasıdır.