“Təmiz Şəhər” ASC məktəblilər üçün zavodlara tur təşkil etdi
Bakı, 27 noyabr, AZƏRTAC
“Təmiz Şəhər” ASC məktəblilər üçün Balaxanıda yerləşən tullantıların çeşidlənməsi (BMTÇZ) və tullantıların yandırılması (BMTYZ) zavodlarına tur təşkil edib. Cəmiyyət tərəfindən mütəmadi keçirilən maarifləndirici səfərdə bu dəfə “Avropa Azərbaycan” məktəbinin şagirdləri iştirak ediblər.
“Təmiz Şəhər” ASC-dən AZƏRTAC-a bildiriblər ki, məktəblilər iki gün boyunca hər iki zavodda olub, iş prosesini yaxından izləyiblər. Zavodların əməkdaşları fəaliyyətləri barədə şagirdlərə detallı məlumat veriblər.
Məktəblilərə bildirilib ki, Bakı şəhər İcra Hakimiyyətinin müvafiq qurumunun paytaxtdan yığdığı bütün tullantılar çeşidləmə zavoduna təhvil verilir. Burada tullantı çeşidlənərək tərkibindəki təkrar emala yararlı metal, şüşə, plastik, kağız və s. materiallar ümumi kütlədən ayrılır. Çeşidlənmiş materiallar xammal kimi təkrar emal zavodlarına göndərilir.
Tullantının təkrar emala lazım olmayan, lakin yandırılmağa yarayan hissəsi yaxınlıqdakı yandırılma zavoduna göndərilir. Burada tullantı yandırılaraq həcmi təxminən 10 dəfə azaldılır və prosesin nəticəsi olaraq elektrik enerjisi alınır. BMTYZ-də il ərzində hasil olunan elektrik enerjisinin miqdarını izah etmək üçün məktəblilər üçün bir müqayisə aparıldı ki, həmin elektrik enerjisi ilə il ərzində təqribən 100 min evi elektriklə təmin etmək olar. Bu da Azərbaycanın hər hansı bir rayonunu elektriklə təmin edə biləcək enerji deməkdir.
Şagirdlərin iki gün boyunca öyrəndikləri məlumatlar onların böyük marağına səbəb oldu. Əksəriyyəti Azərbaycanda tullantıların idarə edilməsi sahəsində bu qədər inkişafın mövcudluğundan xəbərsiz olduqlarını bildirərək təəccüblərini gizlətmədilər.
Bakı şəhərində tullantıların zərərsizləşdirilməsi ilə məşğul olan “Təmiz Şəhər” ASC bu sahənin ölkədə inkişafı üçün daim maarifləndirici layihələr, aksiyalar həyata keçirir. Bu işin bir hissəsi olan zavodlara turlar da mütəmadi təşkil olunur. Bundan əlavə, cəmiyyət müxtəlif təhsil müəssisələrində maarifləndirici tədbirlər keçirir, tullantıların idarə olunması ilə bağlı mühazirələr təşkil edir. Müxtəlif universitetlərin tələbələri “Təmiz Şəhər” ASC-in müəssisələrində yay təcrübə proqramında iştirak edirlər.