“Təmiz şəhər naminə” mobiloqrafiya fotomüsabiqəsinin qalibləri mükafatlandırılmışlar
Bakı, 6 dekabr (AZƏRTAC). Ətraf mühitin mühafizəsi və ekoloji problemlərə ictimaiyyətin diqqətini cəlb etmək, tullantıların idarə olunası sahəsində əhalini maarifləndirmək məqsədi ilə “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən bu ilin iyulunda elan edilmiş “Təmiz şəhər naminə” mobiloqrafiya fotomüsabiqəsi başa çatmışdır.
Qurumun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, 4 ay davam edən müsabiqədə peşəkar fotoçəkiliş üçün nəzərdə tutulmayan rəqəmsal kameralı avadanlığı (mobil telefon, noutbuk, planşet kompyuter və s.) olan gənclər iştirak etmişlər. İki minə qədər istifadəçinin qeydiyyatdan keçdiyi fotomüsabiqənin rəsmi internet səhifəsində yarışmanın şərtlərinə cavab verən 58 fotoşəkil yerləşdirilmiş və 15 gün davam edən səsvermə nəticəsində birinci nominasiya üzrə qalib seçilmişdir. Eyni zamanda, Bakının təmizliyinin qorunub saxlanılmasını və şəhəri çirkləndirənlərin ifşa olunmasını əks etdirən digər fotoşəkillər səsvermə ilə yanaşı, həm də münsiflər heyəti tərəfindən 4 nominasiya üzrə (ən yaxşı yaradıcı foto, ən yaxşı tərbiyəvi foto, ən yaxşı peşəkar foto, ən yaxşı qeyri-adi foto) qiymətləndirilmişdir.
Fotomüsabiqənin yekunlarına həsr edilmiş tədbirdə gənclərin son zamanlar ətraf mühitin mühafizəsinə böyük maraq göstərdiklərini deyən “Təmiz Şəhər” ASC idarə heyətinin sədri Zakir İbrahimov bildirmişdir ki, mövcud ekoloji problemlərin həllində dövlət qurumlarına ictimaiyyətin dəstəyi əvəzolunmazdır.
Sonda 5 nominasiya üzrə qalib gəlmiş gənc fotoqraflara sertifikat və qiymətli hədiyyələr təqdim olunmuşdur.