TƏRƏFLƏR ƏLAQƏLƏRİN İNKİŞAFINDA MARAQLIDIRLAR
Qonağı səmimi salamlayan M.Ələsgərov demişdir ki, ölkələrimiz arasında dostluq əlaqələrinin qədim tarixi olsa da, biz münasibətlərimizi istənilən kimi inkişaf etdirə bilməmişik. Bu məqsədlə üç il əvvəl müştərək komissiya yaradılsa da bu günə qədər onun bir dəfə də olsun iclası keçirilməmişdir. Liviyaya qarşı tətbiq olunan qadağaların tədricən aradan qaldırılması bizi sevindirir. Bütün problemlərə baxmayaraq, Liviya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişdir və bu da xalqımız tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan Liviya ilə əlaqələrin inkişafında maraqlıdır.
Səmimi qəbul üçün minnətdarlıq edən Məhəmməd əl-Cledi Cabir Murtuz Ələsgərovun dedikləri ilə razılaşdığını, əlaqələrimizin inkişafı üçün qarşılıqlı səfərlər təşkil etməyin vacibliyini vurğuladı. O dedi ki, ilk addımı Liviya parlamentinin rəhbəri ataraq azərbaycanlı həmkarını öz ökəsinə dəvət etmişdir. Sonra diplomat dəvət məktubunu Murtuz Ələsgərova təqdim etdi və səfərin bu ilin dekabr ayının birinci ongünlüyündə baş tutmasını arzuladığını bildirdi.
Müvəqqəti işlər vəkili onu da dedi ki, Liviya hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və bu siyasət dəyişməyəcəkdir. Rəsmi Yerevanın dəfələrlə təkidli xahişinə baxmayaraq Liviya rəhbərliyi ölkəmizdə Ermənistan səfirliyinin açılmasına icazə verməmişdir.
Murtuz Ələsgərov dəvətə görə minnətdarlıq etmiş və imkanları çərçivəsində bu səfərin baş tutmasına çalışacağını bildirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.