Tərtər rayonunda 5 yaşayış məntəqəsinin avtomobil yolları yenidən qurulur VİDEO
Bakı, 31 may, AZƏRTAC
Tərtər rayonunda 11 kilometr uzunluğa malik 5 yaşayış məntəqəsinin avtomobil yolları yenidən qurulur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Evoğlu-Aşağı Qapanlı-Azad Qaraqoyunlu-İlxıçılar-Köçərli kəndlərinə gedən avtomobil yolları 7 minə yaxın əhalinin yaşadığı 5 kəndin rahat gediş-gəlişini təmin edəcək.
Məlumata əsasən, texnoloji ardıcıllıqla IV texniki dərəcəyə uyğun yenidən qurulan yollar 10 metrə qədər genişləndirilir. Bura 6 metr hərəkət hissə və 2 metr çiyinlər daxildir.
Layihəyə uyğun olaraq, yolun torpaq yatağının bərpası üçün yararsız qrunt müxtəlif dərinliklərdə qazılaraq çıxarılır, əvəzinə lazımi qrunt tökülərək kipləşdirilir. Yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün yararlı qrunt tökülərək yayılır, yolun genişləndirilməsi işləri aparılır, yeni torpaq yatağı və yol əsası inşa edilir.
Avtomobil yollarının altından suların ötürülməsini təmin etmək məqsədilə mövcud boruların yeniləri ilə əvəz olunması, zəruri yerlərdə yenilərinin inşa edilməsi layihədə nəzərdə tutulan və icrası təmin edilən işlərdəndir.
Daha sonra “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yollara yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə də başlanılacaq.
Yüksək keyfiyyətlə icra olunan layihənin sonuncu mərhələsində yollar boyu zəruri yerlərdə avtobus dayanacaqları, yol nişanı, kilometr göstəricisi və siqnal dirəkləri quraşdırılacaq, hərəkətin normal təşkili üçün üfüqi nişanlama xətləri çəkiləcək.
İşlərin qısa müddət ərzində yekunlaşdırılması və yolların müasir görkəmdə vətəndaşların istifadəsinə verilməsi üçün agentlik tərəfindən əraziyə lazımi sayda qüvvə cəlb olunub.