Tərtər şəhərində abadlıq-quruculuq işləri davam etdirilir
Tərtər, 14 yanvar, AZƏRTAC
Tərtər şəhərində tikinti, abadlıq-quruculuq işləri davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər şəhərinin Heydər Əliyev prospektində, Şıxəli Qurbanov küçəsində avtomobil yolunun kənarları boyunca bordürlər qoyulur, yaşıllıq zonası yaradılır. Kommunikasiya, elektrik, telefon xətlərinin monitorinqi aparılır, ağaclar budanır, təmizlik işləri aparılır.
Şıxəli Qurbanov küçəsində yerləşən Sabir parkında da yenidənqurma işlərinə başlanılıb. Əraziyə münbit torpaq daşınaraq hamarlanıb. Köhnə, yararsız tamet daşları və bordürlər sökülərək yenisi ilə əvəzlənir, ağaclar budanır, təmizlik işləri aparılır. Parkın ərazisində Mirzə Ələkbər Sabirin satirik əsərlərinin personajlarına qoyulmuş heykəllər də təmir olunacaq, istinad divarları aqlay daşları ilə üzlənəcək, yeni, müasir işıqlanma sistemləri quraşdırılacaq.
Nizami küçəsində yerləşən 3 beşmərtəbəli çoxmənzilli yaşayış binasının giriş hissələrində də təmir işləri aparılır. Sakinlər həyata keçirilən abadlıq-quruculuq işlərindən razılıq edərək Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edirlər.