REGİONLAR
“Tet İnternational Development” şirkətinin rəhbəri: Azad olunan torpaqlara da sərmayələr qoymağı planlaşdırırıq
Şəki, 11 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
“Tet İnternational Development” şirkəti Azərbaycanda 5 ildən artıqdır ki, fəaliyyət göstərir. Əsas məqsədimiz kənd təsərrüfatının müxtəlif sahələrinin, xüsusilə tütünçülüyün inkişafına dəstək verməkdir. Ölkənizdə tütünçülüyün inkişafı ilə bağlı bir sıra layihələr həyata keçiririk. Hazırda şirkətimizin Azərbaycanda 4 tütünqurutma müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə xeyli sayda iş yeri açmışıq. Gördüyümüz işlərlə yerində tanış olmaq məqsədilə hər il 100-200 nəfərədək yaponiyalı sərmayədar dostumuzu Azərbaycana gətiririk. Onlar Bakı ilə yanaşı, bölgələrlə də tanış olurlar. İstəyirik ki, onlar Azərbaycanı daha yaxından tanısınlar. Şəkinin gözəl təbiəti, qədim tarixi abidələri, xüsusilə Şəki Xan Sarayı onların çox xoşuna gəlir.
Bu sözləri Yaponiyanın “Tet International Development” şirkətinin rəhbəri Taro Savada Şəkidə AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində söyləyib.
İşğaldan azad olunmuş Qarabağda da bir sıra layihələrin həyata keçirilməsini planlaşdırdıqlarını vurğulayan şirkət rəhbəri deyib: “Mən Qarabağın azad olunması sevincini yenidən sizinlə bölüşmək istəyirəm. Oktyabrda Yaponiyanın İqtisadiyyat Nazirliyinin rəhbər şəxslərinin Azərbaycana səfəri nəzərdə tutulur. Görüşlərdə Qarabağla bağlı planlarımızı da nəzərdən keçirəcəyik. Azad olunan torpaqlara da sərmayələr qoymağı planlaşdırırıq. Bu il çatdıra bilməsək də, gələn il ilk addımlarımızı atmağı düşünürük. Mən Azərbaycanı çox sevirəm və ölkənizin daha da inkişafı üçün bundan sonra da var qüvvəmlə çalışacağam”.