“The Hill”: ABŞ Konqresi xarici siyasət üzrə ən yaxşı strategiyanı müəyyən etməlidir
Vaşinqton, 14 aprel, AZƏRTAC
ABŞ-ın “The Hill” qəzetində “The Jerusalem Post” və “The Baltimore Jewish Times” qəzetlərinin sabiq redaktoru Maayan Caffenin “Konqres xarici siyasət üzrə ən yaxşı strategiyanı müəyyən etməlidir” sərlövhəli məqaləsi dərc edilib. Müəllif ABŞ administrasiyasını Yaxın Şərq, Avrasiya və ətraf regionların problemləri ilə bağlı uğursuz xarici siyasətinə görə ittiham edib.
ABŞ-ın başqa dövlətlərlə müttəfiqlik əlaqələrindən söz açan jurnalist terrorizmə qarşı mübarizədə iştirak edən İsrail və Azərbaycan ilə münasibətlərin pisləşməsinə görə Ağ Evi tənqid edir. O yazır ki, ABŞ-İsrail münasibətləri Prezident Barak Obama ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında əhəmiyyətsiz münaqişələr nəticəsində xeyli dərəcədə pisləşib. M.Caffe qeyd edir ki, ABŞ administrasiyası vətəndaş dəyərlərinin, qadın hüquqlarının qorunmasında və Qərblə yaxşı münasibətlərində davamlı siyasəti ilə tanınan Azərbaycanı əsassız olaraq tənqid edir.
Müəllif vurğulayır ki, Azərbaycan ABŞ-ın əsl və etibarlı dostlarından biridir. Jurnalist Obama administrasiyasını dünyanın mühüm strateji məkanlarında ABŞ-ın vəziyyətinin pisləşməməsi üçün qəti addımlar atmağa çağırır.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton