Tibbi maskalara qarşı həssaslığı olan şəxslər tənəffüs gigiyenasına xüsusi diqqət yetirməlidirlər
Bakı, 20 mart, AZƏRTAC
Tibbi maskalar ağız və burun nahiyəsini səliqəli örtmək, üz və maska arasındakı boşluqları minimuma endirmək şərti ilə taxılmalıdır. İstifadə zamanı maskanın ağızla təmasda olan hissəsinə toxunmaq olmaz. Maska çıxarılan zaman müvafiq texnikaya əməl edilməlidir, yəni maskanın ön hissəsinə toxunmaq olmaz. Tibbi maska arxa hissəsindəki ipləri vasitəsilə çıxarılmalıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin ictimai iaşə müəssisələrində COVID-19-un (koronavirus) profilaktikasına dair hazırladığı metodiki göstərişlərdə əks olunub.
Metodiki göstərişlərdə, həmçinin bildirilib ki, maskanı çıxardıqdan sonra əllər spirtlə təmizlənməli, yaxud sabun və su ilə təmiz yuyulmalıdır. Maska çirkləndikdə və ya nəmləndikdə onun dəyişdirilməsi vacibdir. Birdəfəlik istifadəyə yararlı tibbi maskalardan təkrar istifadə olunmamalıdır. Respirator axıntının qarşısını almaq üçün yoluxmuş şəxs maskalardan mütəmadi istifadə etməlidir. Tibbi maskalara qarşı həssaslığı olan şəxslər tənəffüs gigiyenasına xüsusi diqqət
etməlidirlər; öskürmə və asqırma zamanı ağız və burun nahiyəsi birdəfəlik istifadə üçün nəzərdə tutulmuş kağız salfetlərlə silinməlidir. İstifadədən sonra material mütləq xüsusi qapalı tullantı qutularına atılmalıdır. Tənəffüs ifrazatı ilə təmasdan dərhal sonra əllər təmizlənməlidir. Bununla yanaşı, pəncərə və qapılar müntəzəm olaraq açılmalı və məkanın havası dəyişilməlidir. Birdəfəlik maskaların istifadəsindən sonra onların zərərsizləşdirilməsi və kənarlaşdırılması vacibdir.