Tolmaçova bacıları: “Eurovision-2014” mahnı müsabiqəsində təmsil olunmaq inanılmaz hisslərdir VİDEO
Kopenhagen, 9 may (AZƏRTAC). Finala vəsiqə qazandığımız üçün çox şadıq. “Eurovision -2014” mahnı müsabiqəsi kimi mötəbər yarışmada təmsil olunmaq inanılmaz hisslərdir.
Bu sözləri Rusiyanın “Eurovision-2014” mahnı müsabiqəsində təmsilçiləri Anastasiya və Mariya Tolmaçova bacıları AZƏRTAC-ın müxbirinə müsahibələrində demişlər.
“Eurovision” mahnı müsabiqəsində qalibiyyətin deyil, iştirakın əsas olduğunu bildirən Tolmaçova bacıları yarışmada ifa edəcəkləri mahnı barədə məlumat verərək ifalarının sevginin insanların qəlbinə parlaqlıq gətirəcəyindən bəhs etdiyini diqqətə çatdırmışlar.
Tolmaçova bacıları demişlər: “Tamaşaçının səhnədə sərgilənən performansa dəyər verməsi müğənni üçün ən böyük uğurdur. Çox xoşbəxtik ki, finaldayıq. Bu qeyri-adi bir hissdir. Ölkəmizin adının çəkilməsi, Rusiyanı təmsil etmək qürurverici hisslərdir. Artıq finala vəsiqə qazanmışıq. Bizim məqsədimiz burada olmaq idi. “Eurovision” məhz bizim iştirak etmək istədiyimiz bir müsabiqədir. Bizi dinləyənlər sırasında dünyanın hər yerindən olan insanlar vardır. Biz hər bir ifamızda ona nail olmağa çalışırıq ki, auditoriyamızın sevgisini itirməyək. Bu, hər bir müğənni üçün çox vacibdir. Bizə səs verən, dəstək olan hər kəsə təşəkkür edirik. Bizim əvəzimizə həyəcan keçirən hər kəsə minnətdarıq”.
Tolmaçova bacıları “Eurovision-2014” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək Dilarə Kazımovanın həm ifasını, həm də mahnısını çox bəyəndiklərini vurğulamışlar.
On yeddi yaşlı gənc istedadlı Mariya və Anastasiya Tolmaçova bacıları 2006-cı ildə Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən “Junior Eurovision” mahnı müsabiqəsinin qalibi olmuşlar.
Rusiyanın milli seçim turunun qalibi olan Tolmaçova bacıları “Eurovision -2014” mahnı müsabiqəsində “Shine” (“Parlaqlıq”) mahnısını təqdim edəcəklər.
Anar Rzayev
AZƏRTAC-ın müxbiri
Kopenhagen