TRACECA çərçivəsində əməkdaşlığın mövcud vəziyyəti müzakirə olunub
Bakı, 22 iyun, AZƏRTAC
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev TRACECA-nın Baş katibi Aset Asavbayevlə görüşüb. Nazirlikdə keçirilmiş görüşdə, həmçinin TRACECA Hökumətlərarası Komissiyanın Azərbaycandakı milli katibi Rüfət Bayramov iştirak edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə TRACECA çərçivəsində əməkdaşlığın mövcud vəziyyəti, sözügedən nəqliyyat dəhlizinin rəqabət qabiliyyətliliyinin artırılması istiqamətində həyata keçirilən prioritet layihələr və irəli sürülən təşəbbüslər, eləcə də gələcək inkişaf perspektivləri müzakirə olunub.
Nazir Rəşad Nəbiyev əsası 1998-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə qoyulmuş bu əməkdaşlıq platformasının Azərbaycan üçün böyük əhəmiyyət kəsb etdiyini, ölkəmizin onun fəaliyyətində aktiv iştirak etdiyini bildirib. Rəşad Nəbiyev nazirliyin bu sahədə Daimi Katibliklə əməkdaşlığın davam etdirilməsi niyyətində olduğunu vurğulayıb.
Baş katib Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üzrə Əsas Çoxtərəfli Saziş, təşkilatın fəaliyyətinin gücləndirilməsi, ölkəmizin TRACECA Hökumətlərarası Komissiyaya sədrliyi dövründə irəli sürülmüş təşəbbüslər və müzakirə edilən yeni layihələr, Avropa İttifaqı ilə əməkdaşlıq və digər məsələlərlə bağlı məlumat verib.
Görüş iştirakçıları TRACECA coğrafiyasının genişləndirilməsi, dəhlizin rəqəmsallaşdırılması, multimodal daşımaların inkişaf etdirilməsi, konteyner daşımalarının rəqabət qabiliyyətinin artırılması və dəhlizə əlavə yük axınlarının cəlb edilməsinə töhfə verə biləcək yeni layihələrin hazırlanması sahələrində əməkdaşlıq, eyni zamanda, TRACECA dəhlizinin ikitərəfli və beynəlxalq müstəvidə təşviq edilməsi istiqamətində səylərin davam etdirilməsi barədə razılıqlarını ifadə ediblər.