Türk dünyasının xəbər agentlikləri arasında əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir
Şuşa, 14 iyul, AZƏRTAC
Şuşa yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının zəngin mədəni irsini, tarixi yaddaşını və mənəvi birliyini təcəssüm etdirən mühüm bir məkandır. Hesab edirəm ki, Türk Xəbər Agentlikləri Alyansının (ATNA) ilk addımlarını Şuşada atması və vacib müzakirələrin məhz burada keçirilməsi Alyansımızın gələcək fəaliyyəti üçün də mühüm mənəvi əsas yaradır.
Bu sözləri AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev IV Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən ATNA-nın İcraiyyə Komitəsinin növbəti iclasında deyib.
Bu gün qlobal informasiya məkanının sürətlə dəyişdiyini vurğulayan Vüqar Əliyev qeyd edib ki, yeni texnologiyalar, süni intellekt, sosial media platformaları və rəqəmsal kommunikasiya vasitələri xəbərin hazırlanması, yayılması və istehlakı prosesini tamamilə yeni mərhələyə çıxarıb. İnformasiya indi daha sürətlə yayılır, auditoriyanın xəbərə çıxış imkanları genişlənir. Eyni zamanda, xəbər agentliklərinin qarşısına yeni və mürəkkəb çağırışlar çıxır.
“Belə bir şəraitdə peşəkar xəbər agentliklərinin rolu daha da artır. Çünki sürətlə yayılan məlumat axınında cəmiyyətin etibarlı, dəqiq, balanslaşdırılmış və yoxlanılmış informasiyaya ehtiyacı hər zamankından daha böyükdür. Xəbər agentlikləri yalnız hadisələr barədə məlumat verən qurumlar deyil. Onlar həm də informasiya məkanında etimadın, peşəkar jurnalistika prinsiplərinin və ictimai məsuliyyətin əsas daşıyıcılarıdır. Bu baxımdan Türk dünyasının xəbər agentlikləri arasında əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və humanitar əlaqələr inkişaf etdikcə ortaq informasiya məkanının gücləndirilməsinə ehtiyac artır. Biz ölkələrimizdə baş verən hadisələri üçüncü mənbələrdən deyil, birbaşa, operativ və etibarlı şəkildə əldə etməliyik”, - deyə İdarə Heyətinin sədri bildirib.
Vüqar Əliyev ATNA-nın bu məqsədə çatmaq üçün çox mühüm əməkdaşlıq platforması olduğunu vurğulayaraq deyib: “Alyans çərçivəsində xəbər, foto və videomaterialların mübadiləsinin genişləndirilməsi, birgə media layihələrinin hazırlanması, jurnalistlər üçün təlim və təcrübə proqramlarının keçirilməsi, texnoloji yeniliklərin paylaşılması qarşılıqlı fəaliyyətimizi daha səmərəli edə bilər”.