Türk jurnalist: Türk dövlətləri arasında əməkdaşlıq artıq yeni mərhələyə qədəm qoyub
Bakı, 25 noyabr, Elmir Səftərov, AZƏRTAC
Tarixi proseslərə nəzər salsaq görərik ki, türk dövlətləri və cəmiyyətləri arasında əməkdaşlıq uzun illər ərzində arzulanan səviyyədə olmayıb. Buna xarici təsirlər və müəyyən güc mərkəzlərinin türklərin bir araya gəlməsini əngəlləmək cəhdləri səbəb olub. Bu ölkələrdə yaşayan xalqların hamısı mahiyyət etibarilə türkdür və türk kimliyinə malikdir. Lakin müxtəlif vasitələrlə bu birliyin qarşısını alınmağa, Türk dünyasını parçalamağa cəhdlər edilib. Məqsəd türk xalqlarının bir yumruq kimi hərəkət etməsinin qarşısını almaq olub.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Türkiyə jurnalisti Zəki Gümüş söyləyib.
O qeyd edib ki, Türk Dövlətləri Təşkilatının (TDT) yaradılması ilə bu maneələr tədricən aradan qalxmağa başlayıb: “Artıq “türk dövlət ağlı” formalaşır. Bu gün əməkdaşlıq kifayət qədər yüksək səviyyəyə çatıb. Proses hələ qısa müddətdir davam edir, lakin gələcəkdə türk dövlətlərinin birgə hərəkəti dünya siyasətində ciddi cazibə mərkəzinə çevrilə bilər”.
Zəki Gümüş vurğulayıb ki, Türkiyə və Azərbaycan başda olmaqla türk dövlətləri siyasi müstəvidə olduğu kimi, vətəndaş cəmiyyəti, idman, mədəniyyət, incəsənət, musiqi və kino sahələrində də əməkdaşlıq imkanlarını genişləndirir: “Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının Azərbaycanda keçirilən həmrəylik forumu çərçivəsində bir çox problemlər və layihələr müzakirə olunub. QHT-lər arasında münasibətlər artıq daha yaxşı səviyyədədir və bu istiqamətdə konkret layihələr üzərində iş aparılır”.
Jurnalist əlavə edib ki, bu prosesin daha da inkişafı zaman tələb etsə də, mövcud dinamika Türk dünyasının daha güclü və koordinasiyalı əməkdaşlığa doğru irəlilədiyini göstərir.