Türkiyə Ali Məhkəməsinin sədri: Ermənistanın beynəlxalq hüququ pozmasını, insanlığa qarşı cinayətlərini qətiyyətlə qınayırıq
Bakı, 10 oktyabr, AZƏRTAC
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Ali Məhkəməsi Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının qarşısının alınması məqsədilə görülən tədbirlərlə bağlı bəyanat qəbul edərək dünya ölkələrinin, o cümlədən Avropa Şurasının üzv dövlətlərinin ali məhkəmələrinə göndərib. Ali Məhkəmə bəyanatında Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsinə və ərazilərindəki hər bir şəxsin, o cümlədən bütün məcburi köçkünlərin insan hüquqlarının və əsas azadlıqlarının təmin edilməsi və qorunmasına yönəlmiş çoxtərəfli səylərinin dəstəklənəcəyini gözlədiyini vurğulayıb.
Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Türkiyə Respublikasının Ali Məhkəməsinin sədri Mehmet Akarcadan bu ədalətli mövqeyin dəstəklənməsi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinə məktub daxil olub.
Məktubda deyilir: “Hörmətli həmkarım Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev. Sentyabrın 27-də Ermənistan ordusunun Azərbaycana qarşı başladığı hücumunu qətiyyətlə qınadığımızı bildirmək istəyirəm. Bu hücumlarda aralarında uşaqların və qadınların da olduğu mülki əhalinin və şəhər mərkəzlərinin də hədəf alınması nəinki beynəlxalq hüququn açıq şəkildə pozulmasını, eyni zamanda, insanlıq əleyhinə cinayət törədildiyini də göstərir. Dünyanın gözü qarşısında törədilən bu xain və alçaq hərəkətlər nəticəsində həlak olmuş əziz şəhidlərimizə və mülki xalqımıza Allahdan rəhmət, yaralanan qəhrəmanlarımıza isə şəfa diləyirəm.
Ermənistanın 30 ilə yaxındır ki, işğal altında saxladığı Azərbaycan torpaqlarından çıxması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməsi, bölgədə dayanıqlı sülhün, əmin-amanlığın və insan hüquqlarının təmin olunması ən böyük arzumuzdur. Azərbaycanın BMT Nizamnaməsinin 51-ci maddəsinin ona verdiyi özünümüdafiə hüququndan istifadə edərək torpaqlarını müdafiə etməsi onun təməl haqqıdır. Beynəlxalq hüquq baxımından son dərəcə legitim olan və işğala son verməyi hədəfləyən bu haqqın Azərbaycan tərəfindən istifadə olunmasını dəstəkləyirik.
Türkiyə və Azərbaycan arasında köklü tarixi mirası və mənəvi dəyərlərə söykənən güclü əlaqələr uzun illərdir ki, “bir millət, iki dövlət” deyimi ilə ifadə edilir. Türkiyə dövlət və millət olaraq Azərbaycan dövlətinin və qardaş Azərbaycan xalqının yanındadır. Bu haqlı və müqəddəs mübarizənizdə sizə olan dəstəyimizi bir daha ifadə edir və yeni qələbələr arzulayıram”.