Türkiyə enerji sahəsində Avropanın ən vacib ortaqlarından birinə çevrilib – Deputat
Bakı, 14 aprel, AZƏRTAC
Azərbaycan və Türkiyə öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını hər zaman nümayiş etdirib. Bu münasibətlərin kökü xalqlarımız arasında mövcud olan əsl qardaşlıq ruhuna söykənir. Ulu Öndər Heydər Əliyevin də söylədiyi kimi, Azərbaycan və Türkiyə “Bir millət, iki dövlət”dir. Azərbaycan artıq Türkiyənin hər məsələsində - istər siyasi, istər iqtisadi, istərsə də hərbi məsələlərdə yanında olub və olacaq. Bu münasibətlərin dünyada misli görünməyib və bütün dövlətlər üçün örnək göstərilir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev ifadə edib.
Ölkələrimiz arasındakı qarşılıqlı münasibətlərin dərin tarixi köklərə əsaslandığını vurğulayan deputat deyib: “Son yüzillik tarixə nəzər saldıqda qardaşlıq münasibətlərinin necə möhkəm və sarsılmaz olduğunu müşahidə edirik. Azərbaycanla Türkiyə arasında əlaqələrin bu səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. İkinci Qarabağ müharibəsi zamanı Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi ölkəmizə əlavə güc verdi”.
Deputat vurğulayıb ki, bu gün biz bərpa edilən Qarabağda da Türkiyə-Azərbaycan birliyini görürük. Türkiyə şirkətləri bu işlərdə fəal iştirak edirlər. Bu gün siyasi, iqtisadi, hərbi gücünə görə Türkiyə dünyanın ən qüdrətli dövlətlərindən biridir. Eyni zamanda, Türkiyə enerji sahəsində də Avropanın ən vacib ortaqları sırasında birincilərdəndir. Həmçinin TANAP və TAP layihələri Avropanın enerji təhlükəsizliyini təmin edir. Cənub Qaz Dəhlizinin mühüm tərkib hissəsi olan TANAP layihəsi enerji təhlükəsizliyi sahəsində mühüm işbirliyi nümunəsidir. Bu layihələr bütövlükdə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamaqla yanaşı, Azərbaycanla Türkiyənin beynəlxalq müstəvidə mövqeyi və nüfuzunu xeyli dərəcədə gücləndirir. Bütün bu nailiyyətlərin əldə olunmasında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi iradələri, dövlət başçılarımızın qardaşlıq münasibəti vacib rol oynayır.