Türkiyə ilə qardaşlıq əlaqələri bütün müstəvilərdə inkişaf edir
Cəlilabad, 22 iyun, Bağır Əliyev, AZƏRTAC
Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə - Azərbaycanla Türkiyə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi böyük tarixi və strateji əhəmiyyətə malikdir. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin söylədikləri “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və “Bir millət, iki dövlət” ifadələrinə uyğun olaraq, bu Bəyannamə iki qardaş ölkə arasındakı bütün strateji əlaqələri ən yüksək səviyyəyə qaldırır.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov söyləyib.
Azərbaycan və Türkiyə arasında imzalanan müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsini “Bir millət, iki dövlət” fəlsəfəsinin hüquqi müstəviyə köçürülməsi kimi dəyərləndirən E.Hüseynov, bu mühüm tarixi hadisənin iki dövlət arasında strateji müttəfiqlik münasibətlərinə təhlükəsizlik və işbirliyi kontekstində yeni keyfiyyət qazandırdığını, bir dövlətin təhlükəsizliyinin, ərazi bütövlüyünün təhdid edilməsinin digəri üçün də təhdid kimi qəbul olunduğunu və lazımi tədbirlərin həyata keçirilməsi öhdəçiliyini yaratdığını bildirib.
İdarə rəisi qeyd edib ki, Bəyannamənin Şuşada imzalanması heç də təsadüfi deyil. Bu hadisə Şuşanın adını bir daha tarixin səhifəsinə həkk etdi. Şuşa istər yerləşdiyi coğrafi mövqe, istərsə də tarixi və mədəni imkanlarına görə Azərbaycan dövləti üçün olduqca strateji əhəmiyyətə malikdir.
Şuşa şəhəri, sadəcə, coğrafi baxımdan mühüm bir yer deyil, həm də Azərbaycan mədəniyyətinin beşiyi, bir çox görkəmli sənətkarların, musiqiçi, memar, rəssam və ədiblərin, dünya mədəniyyət xəzinəsinə böyük töhfələr vermiş şəxsiyyətlərin yetişdiyi bir məkandır.
Elçin Hüseynov daha sonra deyib: “Azərbaycanın digər şəhər və rayonlarında olduğu kimi, Qarabağda da Azərbaycan mədəniyyəti və tarixi ilə bağlı ümummilli lider Heydər Əliyevin gördüyü işlər Azərbaycan xalqının və dövlətinin gələcəyinə hesablanmış siyasət idi. Ulu Öndərin uzaqgörənliyi, xalqına bağlılığı, doğma ədəbiyyatına, mədəniyyətinə olan sevgisi onun bütün fəaliyyəti dövründə özünü göstərib. Bu gün böyük rəhbərin layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycan tarixini qızıl hərflərlə yazmaqdadır. Türkiyənin dövlət başçısının Şuşaya səfəri də bu tarixin bir səhifəsidir. Bu səfər iki ölkə arasındakı əlaqələrin qardaşlıq münasibətləri üzərində qurulduğunu bir daha nümayiş etdirir”.