Türkiyə Mərkəzi Bankının analitikləri: İqlim dəyişmələri ölkədə inflyasiyanı stimullaşdırır
Ankara, 27 avqust, AZƏRTAC
İqlim dəyişmələri şirkətləri qısa müddətdə ərzaq məhsulları ehtiyatlarını artırmağa sövq edir və bu, Türkiyədə qiymət sabitliyi üçün risk amilidir.
AZƏRTAC xəbər verir ki, bu qiymətləndirməni Türkiyə Mərkəzi Bankının iqtisadçı-analitikləri paylaşıb.
Onlar qeyd ediblər ki, Türk fermerləri üçün quraqlıq, sel və daşqınlar son illərdə prioritet reaksiya verilməsi məsələsinə çevrilib.
Türkiyə Mərkəzi Bankı beynəlxalq təşkilatların 2035-ci ilə qədərki dövrdə iqlim dəyişmələrinin nəticələrinə görə dünyada ərzaq xərclərinin 1,5 faizdən 1,8 faizə yüksələcəyinə dair qiymətləndirməsi barədə xatırladıb.
“Türkiyə planetin iqlim dəyişikliyinə ən həssas bölgələrindən birində yerləşir. Ölkəmiz meyvə və tərəvəz üzrə böyük istehsalçıdır. Eyni zamanda, iqlim dəyişmələri kənd təsərrüfatı sektorunda qiymət artımına artan təzyiqi göstərir”, - deyə Mərkəzi Bankdan bildirilib.
Mərkəzi Bankın analitikləri qeyd ediblər ki, Türkiyənin meyvə-tərəvəz istehsalı üzrə 5 aparıcı vilayəti (Mersin, Adana, Antalya, Hatay və Muğla) son illərdə şiddətli quraqlıqla üzləşib.
“Nəticədə 2020-ci ildən sonrakı dövrdə meyvənin qiymətində ciddi ucuzlaşma qeydə alınmayıb. Hazırda məhsuldarlığın azaldılması və fermerlərin xərclərinin artırılması müşahidə olunur”, - deyə Türkiyə tənzimləyicisinin ekspertləri əlavə ediblər.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara