TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ABDULLAH GÜLƏ
Hörmətli cənab Prezident,
Əziz qardaşım,
Milli bayramınız - Respublika günü münasibətilə Sizə və qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.
Xalqlarımızın iradə və məramının ifadəsi olan dostluq və qardaşlığımız bu gün dövlətlərarası münasibətlərimizin ruhunda bilavasitə öz təcəssümünü tapmışdır. Əminəm ki, tarixin sınaqlarından çıxmış bu böyük sərvətimizi qoruyub saxlamaq və gələcək nəsillərə çatdırmaq yolunda səylərimizi bundan sonra da əzmlə davam etdirəcəyik.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 15 oktyabr 2009-cu il.