TÜRKİYƏ SƏFİRLİYİNDƏ MƏTBUAT KONFRANSI
AZƏRTAC xəbər verir ki, Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının Prezidenti Abdullah Gül noyabrın 7-də ölkəsinin Bakıdakı səfirliyində mətbuat konfransı keçirmişdir.
İki gündür Bakıda səfərdə olduğunu deyən Prezident Abdullah Gül qonaqpərvərliyə görə Azərbaycan tərəfinə bir daha təşəkkürünü bildirdi.
Nümayəndə heyətinin tərkibində çoxlu iş adamının da Azərbaycana gəldiyini xatırladan dövlət başçısı dedi ki, türkiyəli sahibkarlar azərbaycanlı tərəfdaşları ilə müzakirələr aparmış, bir neçə razılaşma əldə olunmuşdur. Bunlar ikitərəfli əlaqələrin inkişafı baxımından vacib addımlardır.
Türkiyənin PKK terror təşkilatı ilə mübarizəsinin Bakı-Tbilisi-Ceyhan neft kəmərinə təhlükəsi ilə bağlı suala cavab verən Prezident Abdullah Gül vurğuladı ki, kəmərin təhlükəsizliyi ilə bağlı heç bir problem yoxdur. Türkiyə terrorla mübarizə aparır və bu işdə qərarlıdır. Terrorla mübarizdə beynəlxalq əməkdaşlığın vacibliyini xatırladan Abdullah Gül Türkiyənin öz təşəbbüsü ilə hərəkət etməyə qadir olduğunu da bildirdi. O dedi ki, Türkiyə İraqı işğal etmək istəmir, bizim hədəfimiz terrorçulardır. PKK dünyada terror təşkilatı kimi tanınıbdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Türkiyə Prezidenti ölkəsinin dövlətlərin sərhədlərinin güc yolu ilə dəyişdirilməsinin əleyhinə olduğunu söylədi. Bildirdi ki, beynəlxalq ictimaiyyətin Cənubi Qafqaz regionundakı münaqişələrə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinə göz yumması yanlış bir haldır.
Azərbaycanda demokratik təsisatların inkişafı ilə bağlı suala cavabında Türkiyə Prezidenti dedi ki, bu, vaxt tələb edən məsələdir. Demokratikləşmə prosesinin zamana ehtiyacı vardır. İnanıram ki, qısa müddətdə Azərbaycanda demokratiyanın səviyyəsi Avropa standartlarına çatacaqdır. Bu işdə başlıcası siyasi iradənin olmasıdır. Bu var və onun əsasını Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev qoymuşdur. Prezident İlham Əliyev bu xətti inamla davam etdirir.
Türkiyənin dövlət başçısı PKK terror təşkilatının tərkibində ermənilərin olması barədə sualla bağlı dedi ki, qanunsuz, cinayətkar əməllərlə məşğul olan insanlar həmişə əməkdaşlıq edirlər. Terror haradan, kimdən gəlirsə gəlsin, din, dil, irq fərqi qoymadan ona qarşı mübarizə aparmaq lazımdır.
Abdullah Gül Türkiyənin Avropa İttifaqı ilə əlaqələrindən və quruma üzvlük prosesi ilə bağlı məsələlərdən də danışdı.
Prezident türkdilli ölkələrdən Türkiyəyə vizasız gediş-gəlişin təmin olunmasını istədiklərini vurğuladı.
Azərbaycan tərəfinin Şimali Kipr məsələsində göstərdiyi dəstəyə görə minnətdarlığını bildirən Prezident Abdullah Gül xatırlatdı ki, Türkiyə və Azərbaycan tarixən bir-birinə dəstək olmuşdur və bu gün də belədir.
Bakıda apardığı danışıqlardan və keçirdiyi görüşlərdən məmnunluğunu söyləyən qardaş ölkənin dövlət başçısı Azərbaycan Prezidenti İlham Əliyevi Türkiyəyə rəsmi səfərə dəvət etdiyini bildirdi.
X X X
Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfəri davam edir.