DÜNYA
Türkiyə və Rusiya XİN rəhbərləri Ukraynadakı vəziyyəti və taxıl müqaviləsini müzakirə ediblər
![Türkiyə və Rusiya XİN rəhbərləri Ukraynadakı vəziyyəti və taxıl müqaviləsini müzakirə ediblər](/files/2023/2/1200x630/16889140991754515516_1200x630.jpg)
Bakı, 9 iyul, AZƏRTAC
Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, danışıqlar zamanı nazirlər Ukraynadakı vəziyyəti və taxılla bağlı İstanbul sazişi ətrafında baş verən son hadisələri müzakirə ediblər.
İyulun 7-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski ilə İstanbulda danışıqlardan sonra deyib ki, Ankara iyulun 17-də başa çatacaq taxıl müqaviləsini uzatmaq istəyir.
2022-ci ilin iyulunda İstanbulda Ukrayna limanlarından qida və gübrələrin beynəlxalq bazarlara tədarükü ilə bağlı sənədlər paketi imzalanıb. İlkin olaraq müqavilələr 120 gün müddətinə bağlanıb, ötən ilin noyabrında həmin müddətə uzadılıb. Cari il mayın 18-də Rusiya sövdələşmənin müddətini 60 gün, yəni iyulun 17-dək uzadacağını elan edərək, bu müddətin BMT ilə imzalanmış memorandumun icrasını qiymətləndirmək üçün kifayət edəcəyi barədə xəbərdarlıq edib.
İyunun 30-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, hazırda o, razılaşmaların uzadılmasının lehinə heç bir arqument görmür.