COP29
Türkiyəli analitik: COP29 Azərbaycan həqiqətlərinin dünyada təbliğinə töhfə oldu
Ankara, 27 noyabr, AZƏRTAC
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Azərbaycan həqiqətlərinin dünyada təbliğinə öz töhfəsini verib.
AZƏRTAC xəbər verir ki, bu qiymətləndirməni türkiyəli analitik Haluk Direskeneli paylaşıb.
Ekspert qeyd edib ki, COP29 müzakirələrində 1700-dən çox iştirakçı, o cümlədən Türkiyə nümayəndələri ən fəal iştirak ediblər.
Direskeneli vurğulayıb ki, COP sessiyaları iqlim böhranı ilə mübarizə üzrə mühüm dialoq platformaları kimi tanınır.
“COP29-un iştirakçıları istixana qazı emissiyalarının azaldılması, bərpaolunan enerji mənbələrindən istifadənin və iqlim maliyyəsinin artırılmasına diqqət yetiriblər. Eyni zamanda, Bakıda açıqlanan iqlim maliyyələşdirməsinin həcminə dair yekun sənəd (2035-ci ilə qədər olan dövr üçün 300 milyard dollar) inkişaf etməkdə olan ölkələrin ümid etdikləri hədəfdən aşağı olub”, -deyə analitik qeyd edib.
Ekspert Braziliyada keçiriləcək COP30-a hazırlıq kontekstində dünya ictimaiyyətinin səylərini daha da birləşdirəcəyinə ümid etdiyini bildirib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara