Türkiyəli politoloq: Azərbaycan regionda sülhün, sabitliyin və iqtisadi inkişafın aparıcı aktoruna çevrilib
Bakı, 27 noyabr, Səbinə Əlizadə, AZƏRTAC
Vətən müharibəsindən sonra Azərbaycanın artan geosiyasi çəkisi Cənubi Qafqazda yeni strateji düzən yaradıb. Suverenliyini və ərazi bütövlüyünü tam təmin edən Azərbaycan regionda sülhün, sabitliyin və iqtisadi inkişafın aparıcı aktoruna çevrilib. Bu dövrdə həm Şərq–Qərb, həm də Şimal–Cənub istiqamətlərində yeni nəqliyyat-kommunikasiya xətlərinin formalaşdırılması regional əməkdaşlığın genişlənməsində mühüm rol oynayır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında türkiyəli politoloq Hüsamettin İnanç bildirib.
Onun sözlərinə görə, Zəngəzur dəhlizinin (TRİPP) açılması Azərbaycan ilə ABŞ və Avropa arasında iqtisadi-ticarət əlaqələrinin dərinləşməsində mühüm mərhələ olacaq. Lakin, eyni zamanda, Azərbaycan–İran–Rusiya arasında ötən gün Bakıda imzalanan üçtərəfli memorandum regionda balanslı əməkdaşlıq modelinin formalaşmasında, Şimal–Cənub xəttinin yeni strateji məzmun kəsb etməsində mühüm rol oynayacaq. “Azərbaycan Qərblə tərəfdaşlıq qurarkən region ölkələrini prosesdən kənarda saxlamır. Əksinə, qarşıdurmanı deyil, əməkdaşlığı önə çəkir. Bu üçtərəfli memorandum məhz həmin balanslaşdırılmış siyasətin nəticəsidir”, – deyə politoloq vurğulayıb.
Hüsamettin İnanç qeyd edib ki, İranın yeni siyasi kursu - Türk dünyası ilə yaxınlaşma istiqamətində canlanma regionda əməkdaşlıq imkanlarını daha da genişləndirir. Enerji resursları ilə zəngin olan İranın nəqliyyat və enerji sistemlərinə inteqrasiyası Avrasiyada yeni iqtisadi mərkəzləşməni formalaşdırır. Bunun fonunda Ukrayna müharibəsi ilə bağlı diplomatik proseslərin intensivləşməsi səbəbindən Rusiya da iqtisadi sistemə qayıdış mərhələsinə qədəm qoyur. O deyib: “Bu geosiyasi dəyişikliklər fonunda Şimal–Cənub dəhlizinin açılması regional ticarət, enerji təhlükəsizliyi və nəqliyyat şaxələndirilməsi baxımından xüsusi strateji əhəmiyyət daşıyır”.
Ekspert vurğulayıb ki, Azərbaycan həm Şərq–Qərb, həm də Şimal–Cənub xəttində önəmli mərkəz rolunu oynayır: “Orta Dəhlizlə daşımaların artması, Zəngəzur dəhlizinin açılması, Astanadakı yük terminalının tam istifadəyə verilməsi Azərbaycanın logistika sistemini çoxvektorlu platformaya çevirir. Bu isə ölkəni təkcə tranzit məkanı deyil, enerji və ticarət axınlarının paylayıcı mərkəzinə çevirəcək”.
Onun sözlərinə görə, energetika sahəsində də yeni mərhələ başlayır: artıq yalnız xammal satışı deyil, enerji resurslarının zənginləşdirilməsi və müxtəlif coğrafiyalara ən ucuz və sürətli marşrutlarla çatdırılması xüsusi əhəmiyyət kəsb edir. “Azərbaycan hazırda həm Şimalla Cənubu, həm də Şərqlə Qərbi birləşdirən mərkəzi qovşağa çevrilir. Bu, ölkənin yaxın illərdə regionun siyasi və iqtisadi inkişaf trayektoriyasını müəyyən edən əsas amil olacaq”, – deyə politoloq qeyd edib.
Hüsamettin İnanç bildirib ki, Azərbaycan–İran–Rusiya arasında imzalanmış memorandum həm Türk dünyası, həm Türkiyə, həm də bütövlükdə Azərbaycan üçün strateji dönüş nöqtəsidir: “Bu sənəd təkcə yeni nəqliyyat memarlığını yaratmır, həm də regionda davamlı sülh və sabitliyə xidmət edən mühüm geosiyasi çərçivə formalaşdırır. Azərbaycanın artan təsiri bundan sonra daha da güclənəcək”.