Türkiyənin Ali Məhkəməsinin sədri və Baş prokuroru Naxçıvanda səfərdədir
Bakı, 10 iyul, AZƏRTAC
Baş prokuror Kamran Əliyevin dəvəti ilə Türkiyə Ali Məhkəməsinin sədri Mehmet Akarca və Ali Məhkəmənin Baş prokuroru Bekir Şahinin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında işgüzar səfərdədir.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilib.
Nümayəndə heyəti əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla anıb.
Heydər Əliyev Muzeyinə gələn qonaqlar Ümummilli Liderin həyat və fəaliyyətinə aid fotoşəkil və eksponatlarla tanış olublar. Ulu Öndərin hər kəsə örnək olan çoxşaxəli siyasi fəaliyyəti, o cümlədən həyatının Naxçıvan mərhələsi haqqında xarici qonaqlara ətraflı məlumat verilib.
Sonra qonaqlar türk xalqının böyük öndəri Mustafa Kamal Atatürkün Naxçıvan şəhərində ucaldılan büstünü ziyarət edib, abidə önünə gül dəstələri qoyaraq, xatirəsinə ehtiramlarını bildirib.
Tədbir iştirakçıları Naxçıvan şəhərindəki Şəhidlər xiyabanını da ziyarət edib, xiyabandakı “Ana abidəsi”nin önünə gül düzüb, şəhidlərin xatirəsinə ehtiramını bildiriblər.
Həmçinin qonaqlar şəhidlik zirvəsinə ucalanların məzarlarını və 1918-1920-ci illərdə erməni daşnakları ilə mübarizədə Naxçıvanın köməyinə gələn qardaş Türkiyə ordusunun bu torpaqlarda şəhid olmuş əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək tər güllər qoyub.
Səfər çərçivəsində Türkiyədən olan nümayəndə heyəti Baş prokuror Kamran Əliyev və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli arasında görüş keçirib.
Görüşdə Naxçıvanda aparılan kompleks islahatlar, yenidənqurma işləri barədə ətraflı müzakirə aparılıb.
Bundan sonra “Azərbaycan və Türkiyə prokurorluqlarının sərhədyanı əməkdaşlığı” mövzusunda konfrans keçirilib.
Konfransda Baş prokuror Kamran Əliyev qonaqlara bütün sahələrdə olduğu kimi ölkələrimizin prokurorluq, ədliyyə və məhkəmə orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib.
Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli çıxış edərək konfransın əhəmiyyətindən bəhs edib.
Həmçinin konfransda Türkiyə Respublikası Ali Məhkəməsinin sədri Mehmet Akarca və Ali Məhkəmənin Baş prokuroru Bekir Şahin, o cümlədən digər mötəbər qonaqlar çıxışlar edib.
Nümayəndə heyətinin səfəri davam edir.