Türkiyənin əfsanəvi futbolçusu Tanju Çolak Naxçıvanda səfərdədir
Naxçıvan, 21 fevral, AZƏRTAC
Türkiyənin əfsanəvi futbolçusu Tanju Çolak Naxçıvan Muxtar Respublikasında səfərdədir. Veteran hücumçunun səfəri Naxçıvan Futbol Federasiyasının dəvəti ilə gerçəkləşib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, qonaq səfər çərçivəsində Naxçıvan Futbol Federasiyasının nümayəndə heyəti ilə birgə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsinin önünə gül dəstəsi qoyub, dahi şəxsiyyətə ehtiramını bildirib. Heydər Əliyev Muzeyi ilə tanış olan qonağa məlumat verilib ki, muzeyin ekspozisiya zalında ümummilli lider Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasındakı fəaliyyəti - Ali Məclisin Sədri kimi gördüyü işlər, həyata keçirdiyi tədbirlər, qəbul etdiyi mühüm əhəmiyyətli qərarlar, sərəncamlar, sənədlər, fotolar və digər materiallar nümayiş etdirilir.
Sonra Tanju Çolak Naxçıvan Muxtar Respublika Stadionu ilə də tanış olub. Türkiyə millisinin sabiq futbolçusu səfərin ikinci günü Uzunoba Təlim-Məşq İdman Kompleksinə gəlib. Qonaq süni örtüklü futbol stadionu, üstüörtülü minifutbol meydançaları, hakim və həkim otaqları ilə tanış olub.
Sabiq futbolçu Azərbaycan Region Liqası Naxçıvan Zonası üzrə 9-cu turunda “Araz-Naxçıvan” və “Şahbuz” komandalarının oyununu izləyib. Günün ikinci yarısında azarkeşlərlə görüş təşkil olunub. Qonaq əvvəlcə sualları cavablandırıb, azyaşlı uşaqlara imzalı toplar hədiyyə edib.
Tanju Çolak səfərinin üçüncü günü Naxçıvan Biznes Mərkəzində olub. Qonağa mərkəzdə sərgilənən Naxçıvan məhsulları haqqında ətraflı məlumat verilib.
Muxtar respublikanın gənclər və idman naziri Ramil Hacının, Türkiyənin Naxçıvandakı baş konsulunun müavini Nejla Kayanın, Naxçıvan Futbol Federasiyasının sədri Vüqar Abbasovun və federasiyanın İdarə Heyətinin iştirakı ilə Tanju Çolakla görüş olub. Görüşdə federasiyanın 10 illik proqramı çərçivəsində həyata keçiriləcək tədbirlərdən söhbət açılıb, Naxçıvan futbolunun inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb. Veteran futbolçu bu yolda əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.
Sonra Naxçıvan Futbol Federasiyasının sədri Vüqar Abbasov qonağa Naxçıvan məhsullarından ibarət hədiyyə təqdim edib. Tanju Çolak da, öz növbəsində Türkiyənin məşhur futbolçusu Alpay Özalanın Dünya çempionatında geyindiyi milli formanı xatirə hədiyyəsi olaraq Naxçıvan Futbol Federasiyasının sədri Vüqar Abbasova bağışlayıb.