Türkiyənin Xəzər Strateji İnstitutunun nümayəndələri Milli Məclisdə olublar
Bakı, 14 aprel, Ülviyyə Məmmədli, AZƏRTAC
Aprelin 14-də Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Xəzər Strateji İnstitutunun Ali Məşvərət Şurasının nümayəndələri ilə görüşüblər.
AZƏRTAC xəbər verir ki, işçi qrupun rəhbəri Nizami Cəfərov Azərbaycanın və Türkiyənin bir-birinə siyasi, iqtisadi, mədəni cəhətdən bağlı olduğunu deyib. O, ölkələrimiz arasındakı dostluq, qardaşlıq münasibətlərinin qədim tarixə, oxşar ənənələrə söykəndiyini bildirib. Dünyada baş verən qarışıq ictimai-siyasi hadisələrin fonunda iki ölkə arasındakı birliyin əhəmiyyətinə toxunan deputat qarşılıqlı səfərlərin münasibətlərin daha da möhkəmləndirilməsində oynadığı roldan danışıb.
Xəzər Strateji İnstitutunun baş katibi Haldun Yavaş qurumun fəaliyyəti və reallaşdırdığı layihələr barədə məlumat verib.
O, ölkələrimizin reallıqları ilə bağlı daha çox informasiya əldə etmək baxımından bu cür görüşlərin sayının artırılmasının vacibliyini vurğulayıb. Qeyd edilib ki, bu gün Azərbaycanın ən böyük problemi Dağlıq Qarabağ münaqişəsidirsə, Ermənistanın Türkiyəyə qarşı qondarma soyqırımı iddiaları da türkləri narahat edən məsələlərdəndir. Həm Azərbaycan, həm də Türkiyə regionda sülhün və sabitliyin
bərqərar olmasının tərəfdarıdır və hər iki dövlət qüvvələrini birləşdirib birgə mübarizə aparmalıdır. Bununla yanaşı, Azərbaycan və Türkiyə tədqiqatçıları, ekspertləri birgə araşdırmalar apararaq düşmənin əsassız iddialarına dəlillərlə cavab verməlidirlər.