Türkmənistanda Arxadağ ilk “ağıllı” şəhərin açılışı olub – YENİLƏNİB
Arxadağ, 30 iyun, Leyla Muradzadə, AZƏRTAC
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iştirakı ilə sabiq dövlət başçısı Qurbanqulu Berdiməhəmmədovun şərəfinə adlandırılan Arxadağ ilk “ağıllı” şəhərin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Qurbanqulu Berdiməhəmmədovun ad gününə həsr olunmuş təntənəli tədbirlər “Akxan” monumentinin açılışı ilə başlayıb.
Türkmənistan Prezidenti “Akxan” abidəsinin yanında şəhərin açılışını bildirən rəmzi lenti kəsib.
"Akxan" monumentində Ginnesin Rekordlar Kitabına daxil edilmiş dünya rekordçusu olan məşhur Axal-Teke cinsinin möhtəşəm nümayəndəsi olan əfsanəvi Akxan atının obrazı əks etdirilib.
Sonra şəhərin Arxadağ əsas meydanında təntənəli şəkildə dövlət himninin sədaları altında Türkmənistanın dövlət bayrağı qaldırılıb.
Daha sonra Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacir, Türkiyə Palatalar və Birjalar Birliyinin Direktorlar Şurasının sədri Rifat Hisarcıklıoğlu və "TOGG" şirkətinin nümayəndələri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın hədiyyə etdiyi iki elektromobilin açarlarını Türkmənistan Prezidentinə təqdim ediblər.
Tədbirlər çərçivəsində ilk “ağıllı” şəhərdə Qurbanqulu Berdiməhəmmədov adına uşaq reabilitasiya mərkəzi də açılıb.
Yeni şəhərin görünüşündə milli memarlıq ənənələri ilə memarlıq və dizayndakı müasir tendensiyaların birləşməsi müşahidə olunur.
Arxadağ "ağıllı" şəhər həmçinin "ATƏT regionunda innovativ həllərlə dayanıqlı, yaşıl, iqlim baxımından əlverişli şəhərlərin inkişafı" layihəsinə qoşulub.
Arxadağın açılış günündə şəhərin müxtəlif sahələrdə nailiyyətlərini təsdiq edən beynəlxalq sertifikat və diplomların təqdimetmə mərasimi keçirilib.
Axşam qonaqlara möhtəşəm dron şousu və atəşfəşanlıqla başa çatan bayram konserti təqdim edilib.
Qeyd edək ki, Aşqabaddan 30 kilometr cənub-qərbdə yerləşən Arxadağın tikintisinə 2019-cu ildən başlanılıb. Ahal vilayət inzibati mərkəzinin təməlqoyma mərasimində Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iştirak edib.
Yeni şəhərdə təxminən 70 min insan yaşayacaq. Şəhərin tikintisi iki mərhələ üzrə aparılır. İki mərhələdə 400-dən çox kottec və çoxmərtəbəli evlərin tikilməsi planlaşdırılır ki, burada uşaqların yaşaması, istirahəti, tərbiyəsi üçün ən yaxşı şərait yaradılacaq.
Tikintinin birinci mərhələsi çərçivəsində 336 müasir bina, o cümlədən iki və çoxmərtəbəli yaşayış binaları, ictimai, təhsil, tibbi və mədəni obyektlər, idman qurğuları və mühəndislik sistemləri inşa edilib.
Şəhərdə ekoloji cəhətdən təmiz ictimai nəqliyyat növləri - elektrik avtobuslar və elektrik taksilər hərəkət edəcək.